YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam Vim Delvuanın fərdi sərgisi açılıb

Aprelin 13-də Heydər Əliyev Mərkəzində məşhur belçikalı rəssam, müasir incəsənətin tanınmış simalarından olan Vim Delvuanın fərdi sərgisi açılıb.
Açılış mərasimində çıxış edən Mərkəzin direktoru Anar Ələkbərov sərginin əhəmiyyətindən danışaraq bildirdi ki, Heydər Əliyev Mərkəzi artıq Azərbaycanın mədəniyyət mərkəzinə çevrilib və burada bir çox layihələr Azərbaycana gələn qonaqlara və Bakının sakinlərinə təqdim edilir.
Mərkəzdə bir sıra sərgilərin təşkil olunduğundan söhbət açan A.Ələkbərov dedi: “Çox sevindirici haldır ki, ziyarətçilər Heydər Əliyev Mərkəzinə gəldikdə buradan müsbət əhval-ruhiyyə ilə ayrılırlar. Mərkəzin layihələrinin həyata keçirilməsində bizimlə əməkdaşlıq edən bütün insanlara, müxtəlif qalereyaların nümayəndələrinə, kolleksiyaçılara dərin təşəkkürümü bildirirəm”.
Belçikalı rəssamın gözəl sənətkar olduğunu diqqətə çatdıran A.Ələkbərov bu layihənin uğurla həyata keçirilməsindən məmnun olduğunu bildirdi. O dedi: “Mən ilk dəfə Vimin əsərləri ilə tanış olanda onlarda müəllifin xarakterik cizgilərini müşahidə etdim. Hiss etdim ki, bu əsərlərin müəllifi çox fərqli bir insan olacaq”.
Sonra belçikalı sənətkar Vim Delvuanı və onun xanımını səhnəyə dəvət edən A.Ələkbərov layihənin dəstəklənməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirdi. O, bu sərginin təşkilində Belçikanın Azərbaycandakı səfirliyinin xüsusi rolu olduğunu da qeyd etdi.
Mərkəzin direktoru diqqətə çatdırdı ki, dünyanın bir çox sərgilərində nümayiş etdirilən bu əsərlər məhz Luvr muzeyindən sonra Bakıya gətirilib.
Mərasimdə çıxış edən Belçikanın ölkəmizdəki səfiri xanım Karen Petit tədbir iştirakçılarını doğma dilimizdə salamlayaraq dedi: “Mən çox şadam ki, Heydər Əliyev Mərkəzi belçikalı sənətkarın əsərlərini təqdim edir. Vim Delvua Belçikanın çox görkəmli rəssamlarından biridir. Mən onun sərgisinin açılış mərasimində iştirak etməyimdən qürur duyuram. Eyni zamanda, mən belə tədbirlərdən xüsusi zövq alıram. Çünki mən sənət əsərlərinin heyranıyam. Vim Delvua məhz o rəssamlardan biridir ki, o, insanı təəccübləndirə bilir. Onun əsərləri bizi düşünməyə vadar edir. Bu isə incəsənətin inkişafı üçün ən vacib amillərdən biridir”.
Belçikalı diplomat bu sərginin Azərbaycanda təşkilinin iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini qeyd etdi.
Mərasimdə tədbir iştirakçılarını Azərbaycan dilində salamlayan belçikalı sənətkar Vim Delvua dedi: “Mən yeniyetmə olarkən Azərbaycan barədə eşitmişdim. Bu söz mənə çox xoş gəlirdi. Azərbaycana ikinci səfərimdən sonra şahidi oldum ki, bura gözəl, möhtəşəm bir ölkədir. Mən bu ölkədə yaşayan insanların enerjisinə heyranam”.
Belçikalı sənətkar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin minnətdarlığını bildirdi.
Sentyabrın 27-dək davam edəcək sərgidə müəllifin 50-dək əsəri təqdim olunur. Vim Delvuanın “Betonqarışdıran”, “Nautilus”, “Dafnis və Xloya” (saat əqrəbi və ək istiqamətlərində) kimi maraqlı əsərləri, eləcə də əllə naxışlanmış avtomobil təkərləri də onların sırasındadır.
Vim Delvua 1965-ci ildə Belçikada anadan olub, Gent şəhərində Kral İncəsənət Akademiyasını bitirib. O, 1985-ci ildən Avropanın sənət ənənələrini müasir kütləvi mədəniyyət kontekstində təqdim edərək özünəməxsus əsərlər yaradır. Rəssamın psevdoqotik üslubda yaratdığı heykəllər - naxış və ornamentlərin müasir süjetlərlə birləşdiyi əsərlər ona şöhrət qazandırıb. Vim Delvua əsərlərində müxtəlif kontekstli elementləri birləşdirir, bununla da əşyalar öz məlum xarakterlərini itirir, yeni məna və məzmun alır.
Rəssamın indiyə qədər Luvr, Parisin Jorj Pompidu adına Milli Mədəniyyət və İncəsənət, Nyu-York, Lion Müasir İncəsənət, Venesiyanın Peqqi Quqqenhaym muzeylərində fərdi sərgiləri açılıb. O, 1990-cı ildə Venesiya Biennalesinin, 1992-ci ildə isə Almaniyanın Kassel şəhərində keçirilmiş “Documenta IX” sərgisinin iştirakçısı olub.

 

DİGƏR Xəbərlər Arxiv