Xəbərlər
Mayın 12-14-də Bakıda TransCaspian 2015 sərgisi keçiriləcək
Mayın 12-14-də Bakı Ekspo Mərkəzində 14-cü Beynəlxalq nəqliyyat, tranzit və loqistika (TransCaspian 2015) sərgisi keçiriləcək.
Sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətindən verilən məlumata görə, TransCaspian sərgisi Qafqaz regionunda nəqliyyat sahəsinin aparıcı tədbiridir və Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına, habelə tranzit yüklərinin Azərbaycan ərazisindən daşınması imkanlarının nümayişinə və yük sahibləri üçün daşımaların ən optimal variantlarının müəyyənləşdirilməsinə şərait yaradır.
TransCaspian 2015 sərgisində Azərbaycan, Almaniya, Avstriya, Belarus, Gürcüstan, Fransa, Latviya, Litva, Rusiya və İsveçrədən şirkətlər iştirak edəcək. İştirakçılar arasında “Access Trans”, “Alstom Transport”, “Auto Lift Gmbh”, “Liebherr”, “Stadler Rail Management AG”, “Trans Caucas Terminals”, Qomel Vaqonqayırma Zavodu, “Pervaya Lokomotivnaya Kompaniya”, Ural Vaqon Zavodu, “Transmaş” (Moskva) zavodu və bir çox digər müəssisələr var. Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları – “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Dövlət Avtomobil Nəqliyyat Xidməti də iştirak edəcək. Həmçinin, sərginin ekspozisiyasında dəniz və quru daşımaları, limanlar və liman avadanlığı, dəmiryol nəqliyyatı, məlumat sistemləri və kommersiya nəqliyyatı kimi sektorlar təqdim olunacaq. İsveçrənin sərnişin vaqonları və ixtisaslaşdırılmış vaqon və tramvayların istehsalı ilə məşğul olan “Stadler Rail Management AG” şirkəti isə “TransCaspian” sərgisinin sponsoru qismində çıxış edir.
Beləliklə, TransCaspian 2015 sərgisi mövcud əlaqələrin genişləndirilməsi ilə yanaşı, səmərəli və qarşılıqlı faydalı yeni əlaqələrin qurulması, habelə perspektivli müqavilələrin imzalanması və sərmayələrin yatırılması, eləcə də təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi üçün əla imkan yaradacaq.
Qeyd edək ki, TransСaspian 2015 sərgisinin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər. TransCaspian sərgisi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. TransCaspian sərgisi V Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat sərgisi ilə eyni meydançada keçiriləcək.