Xəbərlər
Neftçalada akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Neftçala RMX-da görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu il dönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə xəstəxananın direktoru Elman Quliyev, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və Neftçala Rayonu İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev və xəstəxana kollektivi iştirak ediblər.
Əvvəlcə Ümumilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edənlər Azərbaycan Elmi-Tədqiqat Oftalmoloqiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patoloqiyası laboratoriyasının müdiri, oftalmoloqiya kafedrasının müdiri vəzifələrində çalışan Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellekt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatı almış ilk azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik olduğunu bildiriblər
Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və Neftçala rayonu İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev akademik Zərifə Əliyeva haqqında danışaraq onun Azərbaycanda uğurlu qadın obrazını formalaşdıran, qadın hərəkatının ən sanballı təmsilçilərindən olan ictimai xadim, xalqımızın hər zaman rəğbətlə xatırladığı böyük dövlət xadimi Əziz Əliyevin övladı, dünyanın ən böyük azərbaycanlısı sayılan Ümumilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, iki əsrlik münaqişəni və 30 illik savaşı Zəfərlə bitirən, dünya miqyaslı siyasi lider olan, tarixin ən qüdrətli Azərbaycanını yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyevi yetişdirmiş fədakar, qayğıkeş ana kimi daima yaddaşlarda qalacağını vurğulayıblar.