Xəbərlər
Prezident İlham Əliyev: Azad edilmiş rayonlarda kifayət qədər böyük bərpa olunan enerji potensialı var
Qarabağda və işğaldan azad edilmiş digər rayonların ərazisində bərpa olunan enerji ilə bağlı potensialımızın dəyərləndirməsini apardıq və ilkin hesablamalara görə, həmin ərazilərdə kifayət qədər böyük potensial var.
Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Ermənistanın Azərbaycan ərazilərində 30-dək su elektrik stansiyası məhv etdiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, bu gün Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb: “20MVt-lıq stansiya artıq istifadəyə verilib. Bu il də 25 MVt-lıq hidroelektrik stansiya istifadəyə veriləcək. Ancaq burada su elektrik stansiyalarının potensialı daha çoxdur”.
Prezident bərpa olunan enerji mənbələri potensialına da toxunub. “Biz BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqların son mərhələsindəyik”, - deyə Prezident İlham Əliyev əlavə edib.