Xəbərlər
Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
27 sentyabr 2020-ci il tarixdə Ermənistan dövləti 30 il ərzində törətdiyi təxribatların davamı olaraq Azərbaycana qarşı növbəti dəfə təxribata əl atdı. Rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını almaq üçün əks- həmlə əməliyyatına başladı . 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın mərd oğulları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazandı. 30 il davam edən Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qazanılan Zəfər ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi, yüz minlərlə soydaşımızı öz dədə-baba yurduna qayıtmasına zəmin yaratdı. Demək olar ki, Azərbaycan dövləti bununla sübut etdi ki, artıq “Dağlıq Qarabağ” adlı coğrafi ad mövcud deyil. Ermənistanın apardığı işğalçılıq siyasəti beynəlxalq miqyasda heç kimə sirr deyil. Ermənistan rəhbərliyi dərk etməlidir ki, heç bir sahə də Azərbaycanla rəqabət aparmaq gücündə deyil. Ermənistan anlamalı idi ki, uzun müddət suveren qonşu dövlətin torpağının böyük hissəsini işğal altında saxlamaq mümkün deyil.
Təəssüf ki, Ermənistan rəhbərliyi və onun havadarları beynəlxalq ictimaiyyət və təşkilatların qəbul etdiyi qətnamələrin, qərarların ziddinə gedərək işğalçılıq siyasətini davam etdirirdi. 30 ilə yaxın keçirilən görüşlər, aparılan danışıqlar ağ kağız üzərində yazılmış adi bir yazı olaraq qalırdı. Ermənistan işğalçılıq siyasətini davam etdirmək üçün min bir bəhanə gətirərək olanları pərdələmək və Azərbaycanı bu vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan heç vaxt buna razı ola bilməzdi. Artıq buna son qoyulmaq vaxtı gəlib çatmışdı.
Azərbaycan xalqının Vətən müharibəsindəki göstərdiyi birlik, həmrəylik, iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bir daha göstərdi ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır. Demək lazımdır ki, Rəşadətli Azərbaycan Ordusu təkcə Ermənistanla, dünya erməniliyi ilə müharibə aparmamış, Ermənistanın havadarları ilə müharibə apararaq mötəşəm Qələbə qazanmışıq.
İşğalçılıq siyasətinə haqq qazandıran rəsmi Ermənistan bu münaqişənin həll olunmaması üçün hər vəchlə danışıqlar prosesini pozurdu. Ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası” yaratması və burada hərbi-siyasi rejimin çirkin əməlləri heç bir beynəlxalq hüquq normalarına uyğun deyildi.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Rəşadətli Ordumuz və qəhrəman Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ermənilərə, onun havadarlarına tarixi dərs vermiş oldu. İşğaldan azad olunmuş tarixi Azərbaycan torpaqlarında üçrəngli bayrağımız dalğalandı. 10 noyabr 2020-ci il tarixdə Ermənistan məğlub olduğunu rəsmən elan edərək Azərbaycan qarşısında diz çökdü. Bu qələbə ilə Azərbaycan dövləti Ermənistan işğalçılıq siyasətinə son qoymuş oldu.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!