YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə “İşıqlı ömür” mövzusunda konfrans keçirilib

Aprelin 27-də Xətai Rayon İcra Hakimiyyətinin və   Yeni Azərbaycan Partiyası (YAP) Xətai  rayon təşkilatının  birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “İşıqlı ömür” mövzusunda konfrans keçirilib.

Xətai rayonunun ictimaiyyət nümayəndələrinin, təhsil və səhiyyə müəssisələrinin əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan YAP Xətai  rayon təşkilatının sədri Vüqar Rəhimzadə adı oftalmologiya elminin tarixinə qızıl hərflərlə yazılan  Zərifə Əliyevanın Azərbaycanda bu sahənin inkişafına verdiyi töhfələrdən geniş bəhs edib: “Zərifə xanım Əliyeva Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların,  12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, illərlə fəaliyyət göstərdiyi  sahə  üzrə  minlərlə insanın sağalaraq göz xəstəliklərindən xilas olması  üçün çalışmışdır. Azərbaycanda traxomanın sosial xəstəlik  kimi ləğvi məhz Zərifə xanım Əliyevanın  adı ilə bağlıdır.” 

Vüqar Rəhimzadə  müasir müstəqil  Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Özünü həkimlik, təbiblik  peşəsinə həsr edən insanlar xoşbəxtdirlər. Çünki cəmiyyətin onlara həmişə ehtiyacı var” fikirlərini önə çəkərək bildirib ki,  Zərifə xanım Əliyeva  bütün xəstələri üçün sadəcə ağxalatlı şəfalı əllər sahibi deyil, dünya işığından məhrum olanlar üçün ümid yeri, həyat qaynağı idi. Zərifə xanım Əliyevanın  fəaliyyətində bu prinsip əsas olub ki, əsl həkim xəstənin əzablarını öz əzabları bilməli, sağlam şəkildə evinə qayıdan insanın təbəssümü ən yüksək mükafatı olmalıdır.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Zərifə xanım Əliyeva   gənc həkimlərin yetişməsinə böyük töhfələr verib.  Onun rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.

“Elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  bu ailədə torpağına, Vətəninə bağlı iki övlad yetişib: “Zərifə xanımın ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusu, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradıcısı, bir sözlə,  Azərbaycanın  bugününün və sabahının əsası olan ideyaların müəllifidir. Ümummilli Liderin  məktəbindən bəhrələnən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün ən yüksək zirvələri fəth edir, qalib ölkə kimi tanınır, nüfuz qazanır”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Zərifə xanım Əliyeva əməlləri ilə daim xalqımızın qəlbində yaşayacaq.

Xətai Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Pənah İmanov qeyd edib ki,  tarixdə elə şəxsiyyətlər var ki, onların həyatları digərləri üçün nümunədir: “Həm də  böyük nüfuz sahibi olmaq,  böyük bir nəsli təmsil etmək insan üçün o qədər də asan deyil. Zərifə xanım Əliyeva nəinki Azərbaycanın,  bütövlükdə dünya tibb  elminin inkişafına böyük töhfələr verib. Bunun üçün onun elmi fəaliyyətinin xronologiyasına diqqət yetirmək kifayətdir.”

Pənah İmanov vurğulayıb ki, Zərifə xanım Əliyeva Azərbaycan Tibb Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə başlayan zaman Azərbaycanda traxoma infeksion xəstəliyi tüğyan edirdi:  “Bu səbəbdən  Zərifə  xanım əmək fəaliyyətinin ilk illərindən  bu xəstəliklə mübarizəyə  başlamışdı. Bu xəstəliyin başvermə səbəblərinin dərindən öyrənilməsi  üçün  görgəmli oftalmoloq Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir,  əhali arasında geniş söhbətlər aparırdı.  Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Akademik   bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən  Zərifə  xanım təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdı.”  

Natiq akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, övladlarına qəlbən bağlı bir ana, qayğıkeş həyat yoldaşı kimi nəcib insanı keyfiyyətlərindən geniş  bəhs edib. Bildirib ki,  belə şəxsiyyətlərin əməlləri daim yaşayır. Onların qurub-yaratdıqları, əsasını qoyduqları məktəb öyrənilir. Bir sözlə,   Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Heydər Əliyev adına liseyin  direktoru Sevinc Orucova  çıxışını ulu öndər Heydər Əliyevin “Alimlər bu günün alimləri deyillər. Onlar  bəşəriyyət, dünya durduqca duranlardır, ölməzlərdir”  fikri ilə başlayaraq bildirib ki, görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi  Zərifə xanım Əliyeva haqqında danışarkən gözlərimizin önündə  əsl  Azərbaycan qadınına xas olan, bütün yüksək keyfiyyətləri özündə ehtiva edən gözəl obraz canlanır: “O obraz ki, özündə həm qayğıkeşliyi, həm incəliyi, zərifliyi, həm də yüksək əxlaqi dəyərləri, bilik və bacarıqları birləşdirmişdir. Zərifə  xanım Əliyeva XX əsr  Azərbaycan qadını  olaraq həm ölkəmizdə, həm də keçmiş İttifaqda  tibb sahəsinə yeniliklər gətirən bir alim, həkim kimi xarakterizə olunur. Eyni zamanda, öz dövrünün dünya səviyyəli, intellektual ilk  Azərbaycan qadını olmuşdur.  Onun ən böyük  amalı insanlara nur bəxş etmək, onları zülmətdən xilas etmək və hər bir xəstəni təmənnasız, şəfalı əlləri ilə yaşatmaq olmuşdur.”

287  saylı məktəb - Zəkalar liseyinin direktoru   Aygün Əhmədli Zərifə xanım Əliyevanın xeyirxahlığından,  ailə dəyərlərinə böyük hörmətlə yanaşmasından geniş bəhs edib: “Kiçik dövlət kimi dəyərləndirilən ailələrin  milli-mənəvi dəyərlərimizi qoruması hər birimiz üçün önəmlidr.  Zərifə xanım Əliyevanın nümunəsində  biz belə bir ailənin qadınının obrazını görürük. Qadınların iş fəaliyyəti ilə yanaşı, onların ana, ömür-gün yoldaşı kimi malik olduqları keyfiyyətlər  daha çox önə çəkilir, hər bir ailənin qoruyucusu kimi vurğulanır. Bu baxımdan Zərifə xanım Əliyevanın təqdim etdiyi nümunə bugünkü və gələcək zamanın ailələri üçün məktəbdir.”

Respublika Perinatal Mərkəzin əməkdaşı Yeganə Cabbarlı   Zərifə xanım Əliyevanın  kadr hazırlığına xüsusi diqqət  göstərməsindən bəhs edərək bildirib ki, onun rəhbərliyi ilə gənc alimlərin  böyük nəsli yetişmişdir.  Akademik Zərifə xanım Əliyevanın qazandığı böyuk uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi bir mərhələ təşkil edir.  Onun  elmi fəaliyyəti zəngin və çoxşaxəli olub.  İstedadlı alim kimi  oftalmologiyanın inkişafına  xidmət edən dəyərli elmi əsərlər ərsəyə gətirib.”

Çıxışların hər birində bu fikir dönə-dönə qeyd edilib ki, Zərifə xanım Əliyeva bənzərsiz insan, səmimi, mehriban rəfiqə, sədaqətli həyat yoldaşı, cəfakeş ana nümunəsini yaradıb. “Ümid sonda ölür” fəlsəfəsinin hikmətini  çoxillik təcrübəsi ilə dəfələrlə  sınaqdan keçirən  Zərifə  xanım  Əliyeva  yüzlərlə insana  nur bəxş edərək onların həyatın şirinliyini daha dərindən duymalarına, həyata daha sıx bağlanmalarına öz töhfəsini verib. Məhz bu kimi keyfiyyətləri ona insanların dərin  sevgisini qazandırmış,  həyatının xalqa xidmətin parlaq nümunəsi kimi dəyərləndirilməsini şərtləndirmişdir.

Konfransda çıxış edən 4 saylı uşaq poliklinikasının əməkdaşı, oftalmoloq Günel Mircəfərova bildirib ki,  bu gün hər birimiz 8 avqust – Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü dedikdə, akademik Zərifə Əliyevanı xatırlayırıq: “Zərifə xanım Əliyeva insanların həyatına işıq saçan, yüksək mənəvi simvol olan, dünyaya yaxşılıq etmək üçün gəlmiş əvəzolunmaz alimdir. O, qısa ömür yaşasa da təkcə öz ailəsi və övladları üçün deyil, həmçinin də dəyərli və şərəfli həyat yolunu xalqına, millətinə, Vətəninə həsr etmişdir.”

G.Mircəfərova Zərifə xanım Əliyevanın, həmçinin digər aktual mövzulardan olan peşə oftalmologiyasının da əsasını qoyduğunu, eyni zamanda, elmi kadrlar  hazırladığını diqqətə çatdırıb.

Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşı Rafiq Nəcəfov çıxışında akademik Zərifə xanım Əliyevanın xidmətlərindən, çoxillik elmi-tədqiqat işlərindən bəhs edərək qeyd edib ki, doğulub boya-başa çatdığı mühitin Zərifə xanımın taleyində böyük rolu olmuşdur: “Zərifə xanım Əliyeva atasının - görkəmli dövlət və elm xadimi, tanınmış pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdir. Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elminin beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynamışdır.”

R.Nəcəfov, həmçinin vurğulayıb ki, görkəmli oftalmoloq alimin elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsində xidmətləri misilsizdir.

M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin həkimi Mustafa Şükürov çıxışında qeyd edib ki, mən xoşbəxt şəxslərdənəm ki, ulu öndər Heydər Əliyevi və həyat yoldaşı  Zərifə xanım Əliyevanı yaxından görmüşəm: “Azərbaycan tarixində çox ziyalı, görkəmli qadınlar olub. XX əsrin tanınmış qadınları arasında  Zərifə xanım Əliyevanın öz yeri var. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətə sahib olan bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdur. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdir.”

Konfransın sonunda YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, böyük şəxsiyyətlərin  fəaliyyətləri də  əməlləri kimi şərəfli olduğundan onlar haqqında danışmaq, münasibət bildirmək məsuliyyətlidir. Zərifə xanım Əliyeva az ömür yaşasa da qısa vaxtda xeyirxah əməlləri ilə insanlığın  əlçatmaz zirvəsinə ucaldı.