YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnsanlara nur bəxş edən fədakar insan və dəyərli alim

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

Görkəmli akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunur

Xalqımız hər il aprelin 28-də  tanınmış oftalmoloq-alim, Ümummilli Liderimiz Heydər Əliyev ailə ocağının qoruyucusu Zərifə xanım Əliyevanın doğum gününü qeyd edir.  O, baharda doğulmuş, baharda da dünyasını dəyişmişdi.  Zərifə  xanım az  yaşadı,  lakin qısa bir  tarixi  əhatə  edən həyatında çox böyük  işlər  gördü. O bu gün də onu tanıyanların qəlbində qayğıкеş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır.

Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyevlə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir  xalqın Milli  Liderinin  yaxın silahdaşı və övladlarının anası olmaq  missiyasını şərəflə daşıyır, Ulu Öndərin  inam və etibarını hər addımında doğruldurdu.  

Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək insani keyfiyyətlər nəsildən-nəslə qanla keçmişdi. Azərbaycanın görkəmli ictimai xadimlərindən olan акаdemik Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklığa öyrətmiş, milli ənənələr üzərində tərbiyə etmişdi. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma  çox kömək etdi. Bu  təmkinli, səbirli, dözümlü qadın biliyi, bacarığı, müdrik söhbətləri, duzlu zarafatları, səmimi, xoş rəftarı ilə, ətrafındakılara şəfqəti, mərhəməti ilə  hamının rəğbətini qazanmışdı. Azərbaycan qadınlarının bütün gözəl keyfiyyətlərini özündə birləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş etmişdi.

Zərifə xanımın təbabətə gəldiyi illərdə Azərbaycanda  traxoma xəstəliyi geniş yayılmışdı. Xüsusən rayonlarda bu xəstəlikdən əziyyət çəkənlər daha çox idi. Zərifə xanım həmkarları ilə birlikdə  bölgələri gəzərək xəstələri müayinə və müalicə edir, ehtiyacı olan insanlara işıq bəxş edirdi. Onun bu sahədə yorulmaq bilmədən apardığı elmi axtarışlar, əldə etdiyi dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyasının əsasını təşkil edirdi.

Zərifə Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicəvi işlərlə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi.  Zərifə xanım dosentlikdən professor, kafedra müdiri  vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi.  Akademik Zərifə xanımın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtması və öz dəsti -xətti ilə hər zaman seçilməsi də onun fərqliliyindən, qabilliyətindən xəbər verir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı.  Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.  Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olmuş, həmin sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu mono­qrafiyalardan “İridodiaqnostikanın əsasları” Bakıda, “İridodiaqnostika” isə 1988-ci ildə Moskvada nəşr olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitablar ilk dəfə Zərifə xanım Əliyeva tərəfindən yazılmışdır.

Zərifə xanım gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş, sanballı tədqiqatları ilə Azərbaycan elminə töhfələr vermişdir. Bu sahədə əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Zərifə xanım bir həkim kimi xəstələrinə can yandırır, onlara doğmaları kimi münasibət bəsləyirdi. Xəstələrinə, ümumiyyətlə ehtiyacı olan hər kəsə yardım əli uzadır, çalışırdı ki, bunu başqaları hiss etməsin. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən gəlib xəstəxanada  müalicə alan xəstələrə xüsusi diqqətlə yanaşır, evdən yemək, geyim gətirirdi ki, onlar ailədən uzaqda olduqlarını hiss etməsinlər. O,  ehtiyacı olana yardım əli uzadır, hamının qəlbinə yol tapmağı bacarırdı. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi. Sovet Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın idi.  Keçmiş SSRİ Qadınlar Komitəsinin sədr müavini (sədr ilk kosmonavt qadın- Valentina Tereşkova idi) kimi qadın hərəkatına mühüm töhfələr vermişdir.

Onun bir insan, həkim kimi portretini çəkmək, nurlu simasını canlandırmaq istəyən hər bir kəs dünya oftalmologiya elminin  tanınmış simalarının söylədikləri tarixi fikirlərə mütləq nəzər salmalıdı. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu "nəciblik və mənəvi paklıq timsalı" adlandırıb. Professor V.V.Şmelyeva demişdir: "Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım".

Vətənə, valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik  uşaqların  böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri  yandırırlar.  Bu gün xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla  xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Bu gün ruhu şaddır ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları böyük Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Biz fəxr edirik ki, onun böyüdüb tərbiyə etdiyi, bu gün Azərbaycanın Prezidenti olan möhtərəm cənab İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda  təhsilin, səhiyyənin, mədəniyyətin və  digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir.

Artıq uzun illərdir ki, tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva  bizim aramızda yoxdur. Hər dəfə bu gözəl insanı xatırlayanda dərin kədər hissi keçiririk. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və o, səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlərlə əbədi  olaraq xatirələrdə, xalqın yaddaşında daim yaşayacaqdır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. Zərifə xanım Əliyevaya bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir.

Arzularımızın həyata keçməsi üçün bir alim, insan ömrü yetməyə bilər. Lakin bir  alimin xalqın gələcəyi naminə gördüyü hər hansı bir iş, söylədiyi  bir fikir, yazdığı bir əsər onun tarixdə əbədi yaşamasına kifayətdir. Akademik Zərifə Əliyevanın gördüyü nəhəng işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları  onu  əbədi yaşar, ölməz edir.