Xəbərlər
İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi-diplomatik səyləri və güclü sərkərdəlik məharəti ilə müzəffər Azərbaycan Ordusu 2020-ci ilin sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatları ilə milli dövlətçilik tariximizə ən böyük zəfər və qəhrəmanlıq salnaməsini yazmaqla torpaqlarımızı erməni işğalından azad edib. Azərbaycan bu gün multikultural ölkə olaraq, bütün xalqların və etnik qrupların həmrəyliyini həm də döyüş meydanında təcəssüm etdirməklə öz ədalətli mübarizəsini qələbəyədək apararaq ərazi bütövlüyümüzün bərpasına və təcavüzkar Ermənistanın kapitulyasiyasına nail oldu. Bu gün qarşımızda duran əsas məsələlərdən biri Ermənistan tərəfindən törədilən transmilli cinayətlərin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymətini alması və ədalətli mühakimə olunmasıdır. Ötən dövr ərzində Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Beyləqana, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəymişdir. İşğaldan azad olunmuş ərazilərimizdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri vardır. Ermənilər işğal etdiyi ərazilərdə 30 illik işğal dövründə bu qiymətli sərvətləri amansızcasına dağıtmış, Ermənistana daşımış, daşınması mümkün olmayanları isə məhv etməklə ekologiyaya ciddi ziyan vurmuşlar. Ermənistan tərəfindən abidələrimizə qarşı həyata keçirilən bu siyasət UNESCO-nun "Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında 1972-ci il Konvensiyası"na ziddir. Ermənistan Azərbaycanın qədim tarixi-mədəni irs mərkəzi olan Gəncə şəhərinə raket zərbələri endirməklə nəinki Azərbaycanın, eyni zamanda türk dünyasının mədəni irsini, ümumbəşəri dəyərlərini hədəf alaraq vandalizm siyasətini davam etdirmişdir. Bəli, işğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.
Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri vandalizmə məruz qalıb, həmin torpaqlarda misli görünməmiş cinayətlər törədilib. Azərbaycan hər zaman Ermənistanın törətdiyi cinayətlər haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırır. Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda çıxışları zamanı, xarici KİV-lərə müsahibələrində bu barədə ətraflı məlumatlar verir. Eyni zamanda, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə önəmli layihələr həyata keçirir. Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Bu zənginliyi əsrlərdən ötüb gələn tarixi, mədəni və dini abidələrimiz də özündə əks etdirir, amma təəssüflər olsun ki, mənfur qonşularımız olan ermənilər hər fürsətdə bizim tarixi keçmişimizə əl uzatmağa çalışıb, bir sıra milli adətlərimizi özününküləşdirməyə çalışıb, ərazilərimizdəki qədim alban-xristan abidələrini erməni “irsi” kimi təqdim etməyə cəhd edib. Ermənistan Azərbaycan xalqının irsini qəsdən hədəf alan, bir vaxtlar işğal olunmuş ərazilərdə çoxsaylı hərbi cinayətlər həyata keçirib. Təkcə onu demək kifayətdir ki, ermənilər tərəfindən bu dövrdə 70-ə yaxın məscid, çoxlu sayda mədəni-tarixi abidələr məhv edilib. Ermənilərin bu vandallığı xalqımızın mədəni-tarixi irisnə qarşı soyqırımıdır. Azərbaycan Ermənistanın bu cinayətləri haqqında müvafiq beynəlxalq təşkilatları məlumatlandırıb və qarşısının alınmasını tələb edib. Amma Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi dövrdə beynəlxalq missiyaların Azərbaycanın işğal olunmuş ərazilərini ziyarət etməsinə icazə verməyib. 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı erməni işğalından azad etdik. Biz artıq ermənilərin torpaqlarımızda hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq. Dövlət tərəfindən mütəmadi olaraq diplomatik korpusların nümayəndələrinin, xarici KİV-lərin təmsilçilərinin, müxtəlif sahələr üzrə dünyada tanınmış mütəxəssislərin işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil olunur. Təbii ki, onlar bu səfərlər zamanı erməni vandalizminin canlı şahidi olaraq bu cinayətləri öz əlkələrinin ictimaiyyətinə çatdırırlar. Bu da Ermənistanın insanlığa qarşı cinayətlərinin beynəlxalq aləmdə ifşa olunmasında vacib amildir.
Bilirsiniz ki, 2022-ci il yanvar ayının 24-dən etibarən Şuşa və Ağdama avtobus marşrutları fəaliyyətə başlayıb. Vətəndaşlar ildə bir dəfə bu marşrutlar vasitəsilə səfər edə biləcəklər. Vətəndaşlar səfər zamanı “Qafqazın Xirosiması” adlanan Ağdam şəhərində, eləcə də mədəniyyət paytaxtımız Şuşada xalqımıza məxsus tarixi abidələrə, milli-mədəni irsimizə, millətin mənəvi dəyərlərinə, təbiətimizə qəsd edən işğalın nəticələrini görürlər. Təbii ki, insanlar işğal zamanı erməni vandalizminin nəticələrini ürək ağrısı seyr edirlər, amma bu əminlik də var ki, dövlətimiz həmin əraziləri ən yüksək səviyyədə bərpa etmək əzmindədir. Artıq bu istiqamətdə böyükmiqyaslı işlər həyata keçirilir. Düşünürəm ki, bu ərazilərə səfər edən vətəndaşlarımız da gördükləri reallıqları müasir informasiya texnologiyalarının imkanlarının istifadə edərək təbliğ etməlidirlər, çünki bütün bunlar ümumi işimizin xeyrinədir.