Xəbərlər
Azərbaycan dilinin inkişaf etdirilməsində müstəsna xidmətləri olan- Ümummilli Lider
Fidan Hüseynova
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi bu müdrik kəlamı söyləyən, millətini zamanın sınaqlarından üzüağ çıxaran dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dilinin davamlı inkişafı, ana dilində nəşr edilən kitabların sayının artması, Ulu Öndər Heydər Əliyev tərəfindən dilimizin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, xalqımızın müstəqillik düşüncələrini daha da gücləndirmiş oldu. Müstəqillik dövründə Azərbaycan dilinin inkişafına xüsusi həssaslıqla yanaşan Ümimmilli liderimiz 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin məhz Azərbaycan dili adlandırılması təklifinin qəbul edilməsinə üstünlük verirdi. Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında geniş müzakirələr aparılmış, məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi olaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi.
2001-ci ildə latın qrafikalı Azərbaycan əlifbasına keçidin reallaşması da Ulu öndərin dilimizin inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına xüsusi diqqət yetirmiş, dilimizin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalamışdır. Ümummilli liderimizin 2001-ci ilin 9 avqustunda imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmana əsasən, hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və dili günü kimi geniş qeyd edilir. Bu sənəd dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçidi sürətləndirdi. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən latın qrafikası ilə aparılmağa başladı.Bu gün biz ana dilimizin dövlət statuslu dillər sırasında özünəməxsus yer tutmasına görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq. Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində müstəsna xidmətləri olan Heydər Əliyev uzaqgörən siyasəti, müdrik qərarları ilə bərabər, səlis və aydın nitqi, natiqlik qabiliyyəti ilə bu dilin keşiyində duran, dili dərindən bilən alim, mütəffəkkir idi. Bu dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqlik bütün çıxışlarında özünü göstərirdi. Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışırdı. Xalq danışıq dilindən gələn ifadələri məharətlə işlədirdi.Ümummilli liderimiz hər zaman qeyd edirdi ki, ana dilində danışmağı ilə fəxr edir və ana dili hər bir millətin mənliyinin əsasıdır.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün milli dövlətçilik irsini hər bir sahə üzrə uğurla davam etdirərək Azərbaycanı öz tarixinin ən qüdrətli mərhələsinə çatdıran cənab Prezidentimiz İlham Əliyev Ulu öndər Heydər Əliyevin milli dil əmanətinə də sadiqdir. Son illərdə ölkə rəhbərinin dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər daha da artmışdır. Yeni Azərbayca Partiyasının sədri cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Dövlət başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır.
Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Unutmaq olmaz ki, dilin qoruyucusu və daşıyıcısı xalqdır. Məhz buna görə də dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.