Xəbərlər
Azərbaycanla Qırğızıstanın dostluq münasibətləri qədim tarixə malikdir
Almaz Həşimova
YAP Füzuli rayon təşkilatının sədri
Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin daha da genişlənməsi üçün möhkəm təməllər mövcuddur.
İki türk dillli dövlət olan Azərbaycanla Qırğızıstanın dostluq münasibətləri qədim tarixə malikdir. Belə ki, Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdır. Bu iki xalq arasında münasibətlər tarixi dövrü əhatə edir. Postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başlayıb. İki dövlət arasında sıx əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Ulu Öndər Heydər Əliyevin Prezident kimi qırğız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verir. Prezident İlham Əliyevin də bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrildi. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost və qardaş dövlət BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində həmişə bir-birini dəstəkləyir.
Azərbaycan bütün tərəfdaşları ilə normal əlaqələr qurub və ilbəil münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Qırğız Respublikası da Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bu ölkənin Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri və imzalanan sənədlər bunu bir daha təsdiqlədi. İmzalanmış sənədlər sırasında strateji tərəfdaşlıq haqqında bəyannamə və dövlətlərarası şuranın yaradılması haqqında memorandumun çox xüsusi yeri var. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Bu, ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir və yönləndirir.
Keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər dövlətlərarası münasibətlərin inkişafına daha da təkan vermişdir. Yaradılan dövlətlərarası şura, ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə töhfə verəcəkdir. İlk növbədə, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməsində maraqlıdır. Azərbaycanda yüklərin müxtəlif istiqamətlərdə daşınmasına imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb və Azərbaycanın liman infrastrukturunun imkanları Qırğız Respublikası üçün açıqdır.
Ölkələrimiz arasında əlaqələrin inkişafı naminə Azərbaycan və Qırğızıstan Prezidentlərinin səmərəli görüşü olduqca əhəmiyyətlidir. Ölkələrimiz arasındakı bu münasibətlərin gələcəkdə daha da inkişafı nəzərdə tutulmuşdur. Qırğızıstan Prezidentinin Azərbaycana səfəri ələqələrin yaxınlaşmasına yönəlib. Cənab Prezidentimizin qeyd etdiyi kimi həm siyasi, həm iqtisadi, həm də investisiya siyasətində münasibətlər qarşıdakı illərdə inkişafın yollarını müəyyən edir. Ölkə rəhbərlərinin imzaladıqları sənədlər, apardıqları səmimi müzakirələr inkişafın gələcək zamanlarda daha dinamik müstəvidə reallaşmasına xidmət etməklə yanaşı bu münasibətlərin keyfiyyətinin dərinləşməsinə öz töhfələrini verəcəkdir.