YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan və Qırğızıstan dövlətləri arasında əsl qardaşlıq, tam anlaşma mövcuddur

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq aləmdə nüfuzunu durmadan artırır. Dünyanın supergücləri və nüfuzlu beynəlxalq təşkilatları Azərbaycan dövlətinin apardığı müstəqil siyasəti bəyənir və bölgədə yaratmış olduğu reallıqları qəbul edirlər. Bir çox beynəlxalq məsələlərin həllində Azərbaycanın mövqeyi ilə razılaşırlar. Ölkəmiz Avropa dövlətləri ilə sistemli diplomatik əlaqələr qurmaqla yanaşı bütün türkdilli dövlətlər arasında da səmimi dostluq, qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində çox əhəmiyyətli addımlar atır. Azərbaycan və Qırğız xalqlarını birləşdirən ortaq mədəni irsin, tarixin, dilin, dinin mövcud olması bu iki qardaş xalqları bir-birinə daha da yaxınlaşdırır. Bu gün Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatların tədbirlərində hər zaman bir birini dəstəkləyib. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud siyasi və iqtisadi əlaqələrin ikitərəfli formatda daha da inkişaf etdirilməsinin vacibliyini nümayiş etdirdi. Qırğızıstan Respublikasının Prezidentinin respublikamıza rəsmi səfəri çərçivəsində 10 sənəd imzalandı. İmzalanmış sənədlər arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdir. Strateji Tərəfdaşlıq qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Azərbaycan dövləti Şərq-gərb nəqliyyat dəhlizinin yaradılmasında çox böyük işlər görmüşdür. Ölkəmiz elə bir nəqliyyat infrastrukturu yaradıb ki, həm şimala, həm cənuba, həm də qərbə yüklərin göndərilməsi bütün dünya dövlətlərinə bötük iqtisadi səmərə verir. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün də açıqdır. Bu gün Azərbaycan şirkətləri enerji sektorunda çox böyük təcrübəyə malikdirlər. Azərbaycan şirkətləri Qırğızıstanda müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının tikilməsinə böyük investisiyalar yatıra bilər. Hər iki ölkə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün birgə fəaliyyət göstərəcək. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yaxın günlərdə Qırğızıstan Respublikasına səfər edəcəklər. Humanitar və mədəni sahələrdə də əməkdaşlığın gücləndirilməsi üçün Azərbaycan və Qırğızıstan dövlətləri eyni mövqedən çıxış edirlər. Azərbaycanın Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü Qırğızıstan dəstəkləmişdir. Bu gün Azərbaycan və Qırğızıstan dövlətləri arasında əsl qardaşlıq, tam anlaşma mövcuddur.