YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Tarixi Zəfər, Zəfər yolu, Zəfər Muzeyləri, Zəfər Qurultayı…

“Bu günlər dünyanın diqqəti yenidən Azərbaycanın döyünən ürəyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəldi. Tarixi Zəfərimizdən sonra keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər Qurultayı kimi daxil oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarının qarşısında proqram xarakterli nitqində həm Qələbəmizə gedən yola, həm Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atılan addımlara, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfələrə bir baxış keçirdi, həm də qarşıdakı dövrün prioritetlərini açıqladı. Əsas hədəf Zəfərimizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun üçün səfirliklərimizin, diaspor təşkilatlarının daha səylə çalışmalarına çağırışlar edildi. Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin nəticəsidir. Müzəffər Ali Baş Komandan bir daha bildirdi ki, 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası vardır. Müharibədə Zəfər, Şuşaya aparan Zəfər yolu, ölkəmizin müxtəlif guşələrində Zəfər Muzeylərinin yaradılması və sair kimi mühüm məqamlar özündə böyük bir mənanı ehtiva edir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Zəfər adı xalqımıza çox yaraşır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin çıxışında öz əksini tapan məqamlara diqqəti yönəldərək bildirib ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri vardır. Müzəffər Ali Baş Komandan bütün çıxışlarında, o cümlədən Zəfər Qurultayında hər birimizdə böyük qürur hissi yaradan bu məqamı xüsusi qeyd etdi. Bu gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb. Gənclərimiz silaha sarılaraq qanları, canları ilə tarix yazdılar və bir daha sübut etdilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti bir məktəbdir. İndiki və gələcək nəsillər bu məktəbdən bəhrələnərək milli ruhda, vətənpərvərlik ruhunda böyüyəcək, şəhidlərimizin qanı, canı bahasına alınan torpaqlarımızı göz bəbəyi kimi qoruyacaq, üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandıracaqlar.

YAP Xətai rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyi 2001-ci ilin Azərbaycanı ilə bugünkü Azərbaycanın paralel şəkildə müqayisəli təhlilini aparıb: “O zaman, həmçinin cənab İlham Əliyevin Prezidentlik dövründə keçirilən qurultaylarda bir məqsəd, məram açıqlanırdı: Torpaqlarımızı işğalçılardan təmizləmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək. Dövlət başçısı İlham Əliyev məlum çıxışında ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində səsləndirdiyi bu çağırışa da diqqəti yönəltdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq.” Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmləndi, güclü, qüdrətli ordu formalaşdırıldı, bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi baza formalaşdı. Azərbaycana beynəlxalq dəstək artdı. Ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə əlaqələri yüksələn xətlə inkişaf edərək həqiqətlərimizin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasına geniş imkanlar yarandı. Bu fonda böyük inam və fəxrlə qeyd edə bilərik ki, Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Onun bu istəklərini, arzularını gerçəkləşdirdi. Dünya Azərbaycanlılarının V Qurultayı üçün Qarabağın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın məkan seçilməsi özündə bütün məqamları birləşdirməklə yanaşı, onları bütün təfsilatı ilə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır.”

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə bütün səfərlərində diqqət göstərdiyi məqamlardan biri havanın da bu sevinci yaşaması olur” söyləyən Vüqar Rəhimzadə bildirib ki, ölkə Prezidenti Şuşada dünya azərbaycanlılarının qarşısındakı nitqində də bu sevinci xüsusi vurğulamışdır ki, Şuşa öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir.

“Hər bir tarixi hadisə, keçirilən hər bir tədbir Zəfərimizin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Ötən dövrün hesabatını özündə əks etdirən Zəfər Qurultayından Ermənistana və ona dəstək verən dövlətlərə bir daha mesajlar ünvanlandı, tarixə qovuşan münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, Ermənistanın imitasiya naminə danışıqlar aparmasına göstərilən dəstəkdən, Azərbaycanın hər zaman sülh siyasətinə sadiqlik nümayiş etdirməsindən də geniş bəhs olundu. Bir daha açıqlandı ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, münaqişəli məsələlərin həllində onların rolu inkaredilməzdir. Necə ki, Azərbaycan Ordusu bu günədək yaradılan hüquqi bazaya söykənərək düşməni döyüş meydanında məğlub etdi, Cənubi Qafqazda erməni faşizmini məhv etdi. Dövlət başçısı İlham Əliyev nitqində erməni faşizminin təzahürlərinin qaldığını bir daha vurğulayaraq onu da əlavə etdi ki, Ermənistanda bəzi dairələr və dünya erməniliyi Azərbaycanı hədələməyə çalışırlar. İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Bu gün Azərbaycan Ordusu daha güclüdür və istənilən vəzifəni icra edə bilər”,-deyə YAP Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, postmüharibə dövrünün reallığı göstərir ki, Azərbaycan bu çətin sınaqdan da şərəflə çıxdı və bütün dünya regionda yaranmış yeni reallığı qəbul etdi. Azərbaycan təkcə Ermənistanla, dünya erməniliyi ilə müharibə aparmayıb, onun himayədarları ilə müharibə aparıb və Qələbə qazanıb. Qələbənin tarixi əhəmiyyəti həm Azərbaycanın, həm də Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir. Xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gün də bu işin davam etdirilməsinə böyük zərurət var.

YAP Xətai rayon təşkilatının sədri diqqəti dövlət başçısı İlham Əliyevin Zəfər Qurultayında Azərbaycan diasporunun qarşısında qoyduğu vəzifələrə yönəldib: “Diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar.”

Vüqar Rəhimzadə tarixə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin özündə ehtiva etdiyi rəmzi məna ilə yanaşı, bu özəlliyi də xüsusi qeyd edib ki, ötən qurultaylarda Azərbaycanın uğurlarından geniş bəhs olunsa da torpaqlarımızın işğal altında olması bir mənəvi sıxıntı yaradırdı: “Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli milli qürur məsələsi idi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüz təmin olundu. Milli qürurumuz özümüzə qayıtdı, torpaqlarımızın əsl sahibi kimi bərpa və quruculuq işlərini uğurla davam etdirir, soydaşlarımızın Böyük Qayıdışına səy göstəririk. Dövlət başçısı İlham Əliyevin “Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq” fikirləri bugünkü qalib Azərbaycanın, yenilməz xalqımızın təqdimatı oldu.”

DİGƏR Xəbərlər Arxiv