Xəbərlər
Ağdaşda bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçrilib
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında “Vətən müharibəsində tarixi zəfərimiz” mövzusunda rayondan olan bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib. Görüşdə Yeni Azərbaycan Partiyasının yaradıcı, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın ruhları bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağdaş rayon təşkilatının məsul əməkdaşı Anar Şahmuradov tədbiri açaraq Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Zəfəri şərtləndirən amillərdən danışaraq bildirib ki, Azərbaycan öz torpaqlarını Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyi nəticəsində düşmən tapdağından azad etdi. Bunun üçün isə ölkədə davamlı olaraq düşünülmüş siyasət həyata keçirilmiş və hərtərəfli işlər görülmüşdür. Vətən müharibəsi ilə Birinci Qarabağ müharibəsini müqayisə edən Anar Şahmuradov 90-cı illərin əvvəllərində Azərbaycanın naşı rəhbərlər tərəfindən, xüsusilə də AXC-Müsavat hakimiyyətinin xəyanəti nəticəsində çox böyük problemlərlə üz-üzə qaldığını bildirdi. Ulu öndər Heydər Əliyevin məhz xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonra cəbhədə atəşkəs razılığı əldə edildi. Bundan sonra isə ölkədə nizami orduquruculuğunun əsası qoyuldu. Ulu öndər Heydər Əliyevin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirən cənab Prezident İlham Əliyev Azərbaycan Ordusunu dünyanın 50 ən güclü ordusundan birinə çevirdi. Vətən müharibəsi zamanı Azərbaycan dövləti eyni zamanda İnformasiya müharibəsi aparırdı. Cənab Prezident İlham Əliyev dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri ilə Azərbaycan həqiqətlərini beynəlxalq aləmin diqqətinə çatdırmış oldu.
Tədbirdə Vətən müharibəsi iştirakçılarından Zaur Paşayev, Şahin Məmmədov, Tahir Umudov çıxış edərək öz döyüş xatirələrindən, Azərbaycan Ordusunun qüdrətindən, qazanılan Zəfərin memarının məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin olduğundan söhbət açdılar. Tədbirdə çıxış edənlər şəhid ailələri, müharibə əlilləri və iştirkaçılarına dövlətin davamlı diqqətinin olduğunu və bunun üçün də cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.