Xəbərlər
YAP Yasamal rayon təşkilatında gənclərlə görüş keçirilib
YAP Yasamal rayon təşkilatında “Milli maraqlar və xarici siyasət” mövzusunda gəclərlə keçirilən silsilə tədbirin növbəti qonağı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov olub.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir.
O deyib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, ulu öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamını qat-qat artırıb. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir. Bütün bunların ən bariz nümunəsi heç şübhəsiz Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədir.
B.Nəbiyev çıxışında ulu öndər Heydər Əliyevin ana dilimizin dövlət dili olması barədə maddəni Azərbaycan SSR-nin konstitusiyasına salınmasındakı müstəsna xidmətlərindən geniş bəhs edib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərib. Belə ki, bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olunub.
K.Cəfərov əlavə edib ki, xarici səfərlər zamanı keçirilən görüşlər və aparılan danışıqlar zamanı Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyi, artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər, Ermənistanın törətdiyi hərbi, siyasi təxribatlar faktlarla diqqətə çatdırılıb, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi üçün müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan parlamentinin nümayəndə heyətləri müvafiq beynəlxalq təşkilatların işində fəal iştirak ediblər.
Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb.
Sonda gənclərlə xatirə şəkli çəkdirilib.