Xəbərlər
Dil hər bir cəmiyyətin mühüm təminatçısıdır
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Dil hər bir cəmiyyətin mühüm təminatçısıdır, çünki o, insanlara ünsiyyət qurmağa və fikirlərini rahat şəkildə ifadə etməyə imkan verir. Xalqın əsas mədəni aspekti olan dil inkişafdan qalanda həmin xalqın biliyi və onu anlamaq qabiliyyəti təhlükə altına düşür, çünki adət-ənənələr və irsi biliklər artıq nəsildən-nəsilə ötürülmür. Dilin qorunub saxlanmasının əsas səbəbi onun yox olmasının qarşısını almaq cəhdidir. Gənc nəsillərə öyrədilməyən dil itirilmək təhlükəsi ilə üzləşir. Müasir tarixdə bir çox xalqların dilləri müxtəlif təsirlərə məruz qalaraq öz orijinallığını itirmişdir. Bunun başlıca səbəbi vaxtında milli dəyərlərin qorunması istiqamətində əsaslı addımların atılmamasıdır.
Öz saflığını və təbiiliyini qoruyan dillərdən biri də məhz Azərbaycan dilidir. Bunun da başlıca səbəbi Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə tarixi məharət və cəsarət göstərərək dilimizin qorunması istiqamətində önəmli addımlar atmasıdır. SSR-nin tərkibində olan bir çox respublikaların rəhbərlərinin bu cür cəsarətli addımlardan çəkindiyi bir dövrdə Ulu Öndər Heydər Əliyev tarixi təşəbbüs göstərərək 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının 73-cü maddəsində Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olaraq qəbul edilməsinə dair təklif vermişdir və aprelin 21-də bu təşəbbüs Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və onun dövlət dili olaraq möhkəmlənməsi istiqamətində atdığı tarixi addımlar təkcə bununla kifayətlənməmişdir. Xalqın ziyalı təbəqəsini bu tarixi vəzifənin yerinə yetirilməsinə səfərbər edən Ulu Öndər SSR Konstitusiyasına istinad edərək bu ali hüquqi sənədin vətəndaşlara öz dillərində təhsil almaq imkanı yaratdığını bildirmişdir. Artıq bu dövrdən etibarən milli dilçi alimlərin yetişdirilməsi, öz dilimizdə nəşr olunan vəsaitlərin geniş tirajla nəşr olunmasına başlanılmışdır.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən öz mövcudluğunu qorumuş dilimizin gələcək inkişafını təmin etmək üçün çox mühüm işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı öz tarixi irsinə bağlı qalaraq 1995-ci ildə keçirilən ümumxalq referendumunda Azərbaycan dilinin dövlət dili kimi qəbul olunmasına səs vermişdir. Beləliklə də xalqımız böyük iradə nümayiş etdirərək dilimizin müasir dövrdə sağlam dəyərlərə əsaslanan inkişaf yolu keçməsini dəstəkləmişdir.
Lakin yeni çağırışlar fonunda dilimizin inkişaf etdirilməsi üçün onun qarşısında dayanan problemlərin aradan qaldırılması da daim Ulu Öndər Heydər Əliyevin diqqətində olmuş və bunun üçün önəmli tədbirlər həyata keçirilmişdir. 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır ki, Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi bu tarixi əhəmiyyətli sənəddə dövlət dili ilə bağlı geniş məlumatlar öz əksini tapmışdır. Həmin ildə imzalanan “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Bu gün bu siyasət cənab Prezident İlham Əlyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət quruculuğu istiqamətində aparılan ardıcıl və uğurlu dövlət siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri daim önəmli əhəmiyyət daşıyır. Bunu ölkə Prezidentinin Azərbaycan dili ilə bağlı imzaladığı silsilə sərəncam və fərmanları, eləcə də müxtəlif tədbirlərdəki çıxışları zamanı səsləndirdiyi dəyərli fikirlər sübut edir.