Xəbərlər
Rauf Əliyev: Brüssel görüşündə əldə olunan razılaşmalar böyük əhəmiyyət daşıyır

“Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şari Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüş və bu görüşdə əldə olunan razılaşma böyük əhəmiyyət daşıyır. Görüş zamanı post-münaqişə mərhələsində regionun inkişafı ilə bağlı Azərbaycanın hər zaman irəli sürdüyü prinsiplər, o cümlədən 2020-ci il 10 noyabr üçtərəfli bəyənatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın yaradılması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədlərinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə olunub”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Onun sözlərinə görə, görüşün nəticəsi ilə bağlı Aİ Şurasının Prezidenti Şari Mişelin bəyanatı görüşün ümumilikdə Azərbaycanın maraqlarına uyğun olduğunu göstərir. Tərəflər xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi üzərində razılaşıblar. Bu onu göstərir ki, sülh müqaviləsinin hazırlanması İrəvanın istədiyi kimi Minsk qrupu çərçivəsində deyil, ikitərəfli formatda keçiriləcək. İkitərəfli sərhədlərin delimitasiyası və demakrasiyası üçün aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi də razılaşdırılıb.
“Bəyanatda “Dağlıq Qarabağ” adı çəkilmir, ümumuyyyətlə “münaqişə” haqqında heç bir qeyd yoxdur. ATƏT-in Minsk qrupundan bəhs edilmir, Rusiya və Aİ vasitəçiliyi ilə əldə olunan razılaşmalara istinad edilir. Bu, Minsk qrupu formatının faktiki olaraq kənarda qaldığını və yerini Aİ-yə verməsi deməkdir. Bütün bunlar deməyə əsas verir ki, Aİ Vətən müharibəsi zamanı Azərbaycanın qələbəsi nəticəsində yaranmış yeni reallıqları qəbul edir və iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ümidlər bir qədər də artır”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.