YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Brüsseldə növbəti diplomatik nailiyyət

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri bir sıra mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin siyasi və diplomatik müstəvidə möhkəmləndirildiyini göstərir.

Dövlətimizin başçısının Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə səsləndirilən fikirlər Azərbaycanın etibarlı və önəmli tərəfdaş kimi qəbul edildiyini, respublikamızla əməkdaşlığın Aİ üçün strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşündə isə postmüharibə reallıqları, o cümlədən Cənubi Qafqazda etimad quruculuğu diqqət mərkəzində oldu. Görüşdə iki əsas məqam ifadə edildi: birincisi, haqlı və qalib Azərbaycanın mövqeyi üstün və dəyişməzdir, ikincisi isə, danışıqlar Brüssel sülh gündəliyi əsasında davam etdirilir.

Brüssel görüşündə əldə olunan irəliləyişlərdən bəhs edərkən bir sıra məqamlara xüsusi diqqət yetirmək lazımdır. Birincisi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Hər iki ölkənin xarici işlər nazirlərinə müvafiq təlimatlar verildi. Danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Bu, Prezident İlham Əliyevin növbəti diplomatik nailiyyəti – ölkəmizin mühüm uğurudur. İkincisi, tərəflər sərhəd məsələləri üzrə birgə komissiya yaradacaqlar. Azərbaycan Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar məsələni daim gündəmdə saxlayır. Birgə komissiya yaradılması barədə razılıq əldə olunması bu baxımdan əhəmiyyətlidir. Çünki bununla sərhəddə gərginlik aradan qaldırılır, delimitasiya və demarkasiya prosesi hər hansı süni müdaxilə olmadan davam etdirilir. Üçüncüsü, Aİ prosesə dəstək vermək barədə niyyətini ifadə etdi. Minalanmış ərazilərin təmizlənməsi, quruculuq işlərinin aparılması, itkin düşmüş şəxslərin tapılması ilə əlaqədar qurum öz imkanlarından istifadə edə bilər. Dördüncüsü, regionda kommunikasiya xətlərinin bərpası aktualdır və diqqət mərkəzində saxlanılır. İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması bu kontekstdə önəmlidir. Beşincisi, Aİ Şurasının Prezidenti Şarl Mişelin bəyanatında “Dağlıq Qarabağ” ifadəsindən istifadə edilmədi və ATƏT-in Minsk qrupundan bəhs olunmadı. Bu isə onu göstərir ki, Azərbaycan postmüharibə reallıqlarını qabul etdirib, danışıqlar yeni gündəlik əsasında aparılır.

Göründüyü kimi, Brüssel görüşü Azərbaycanın daha bir diplomatik uğuru, növbəti strateji hədəflərə doğru vacib addımdır. Bu isə Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitini təmin etmək üçün mühüm əhəmiyyət daşıyır. Proseslərin gedişatı regionda bütün dövlətlərin maraqlarına tam cavab verir, bölgə xalqlarına rifah və inkişaf vəd edir.