Gündəm
Prezident İlham Əliyev: Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı
Bu gün siz qalib gəlmiş ölkəni təmsil edirsiniz. Biz müstəqil ölkə kimi böyük idman yarışlarına qatılanda torpaqları işğal edilmiş ölkə kimi çıxış edirdik. Sübut etməli idik və sübut edirdik ki, bizim gücümüz də var, iradəmiz də var və beynəlxalq idman arenalarında göstərdiyimiz məharət, güc özünü döyüş meydanında da göstərəcək.
Bu fikirləri Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərkən səsləndirib.
Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amilinin çox böyük rol oynadığını vurğulayan dövlətimiz başçısı deyib: “Mən bunu bilərək çalışırdım ki, gənclərdə vətənpərvərlik hissləri daim yüksək olsun. Məhz bu vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Bizim əlbəttə ki, güclü Ordumuz, texnikamız, silahlarımız, sursatlarımız var. Amma Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir”.