Xəbərlər
Zakari Qros: Fransa Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verir
Milli Məclisin sədri Sahibə Qafarova martın 16-da Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirərək ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin xüsusi rolunu qeyd edib.
Hazırda Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərin mövcud olduğunu deyən Sahibə Qafarova bu istiqamətdə daha böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb. O, əməkdaşlığa dair hüquqi bazanın daha da zənginləşdiriləcəyinə inamını ifadə edib.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında geniş və səmərəli əməkdaşlıq əlaqələrindən danışan Milli Məclisin sədri ölkəmizin Aİ ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Avropa İttifaqının ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu deyən Milli Məclisin sədri tərəflər arasında enerji sahəsində əməkdaşlıq strateji xarakter daşıdığını qeyd edib. Bildirilib ki, Azərbaycan neftlə yanaşı, həm də Avropanın etibarlı qaz tədarükçüsünə çevrilib.
İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışan Sahibə Qafarova hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini bildirib, bu çərçivədə 2020-ci və 2021-ci illərdə Fransadan olan parlament nümayəndə heyətlərinin ölkəmizə səfərlər etdiklərini, bu səfərlər çərçivəsində Gəncə şəhərində və Ağdam rayonunda olduqlarını xatırladıb. O deyib ki, fransalı parlamentarilərin ölkəmizə münasibətdə obyektiv olması və real faktlara istinad etməsi baxımından belə səfərlər vacib rol oynayır.
Milli Məclisin sədri Avropa Parlamentinin 2022-ci il 10 mart tarixli qərəzli qətnaməsinə də toxunaraq, vurğulayıb ki, bu sənəd tamamilə Ermənistanın və Avropa Parlamentindəki erməni lobbisinin bəslədiyi yalan məlumatlara əsaslanır, Azərbaycan torpaqlarının 30 illik işğalından irəli gələn reallıqları təhrif edir. Sahibə Qafarova bu qətnamənin Aİ rəhbərliyinin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində son vaxtlar göstərdiyi səylərə də tamamilə zidd olduğunu diqqətə çatdırıb.
Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarında bütün infrastrukturun tamamilə dağıdıldığını, maddi-mədəni sərvətlərimizin talan edildiyini bildirən Sahibə Qafarova 67 məscidin, o cümlədən yüzlərlə mədəniyyət abidəsinin məhv edildiyini vurğulayıb.
Artıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu diqqətə çatdıran Milli Məclisin sədri məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları üçün azad edilmiş ərazilərin minalardan təmizləndiyini, bərpa işlərinin aparıldığını deyib. Bildirilib ki, həmin ərazilərdə kommunikasiyaların bərpası, həyata keçiriləcək layihələr bütün regionun inkişafına təkan verəcək.
Səmimi görüşə görə minnətdarlığını ifadə edən səfir Zakari Qros ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyib. Səfir iki ölkə arasında dialoq və münasibətlərə toxunub, iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığı qeyd edib.
Regionda sülh və təhlükəsizliyin təmin olunmasından danışan səfir Z.Qros nəqliyyat və kommunikasiya layihələri, Şərq-Qərb nəqliyyat dəhlizinin əhəmiyyətindən danışıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.