YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Mingəçevirdə ilk Avropa Oyunları öncəsi test xarakteri daşıyacaq Avarçəkmə üzrə Prezident Kubokuna start verilir

Avropa Oyunları öncəsi test xarakterli Prezident Kubokuna start verilir.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Mərkəzində akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvi Beynəlxalq Prezident Kuboku reqatası start götürəcək. Sayca 8-ci dəfə təşkil olunacaq reqata "Bakı 2015" I Avropa Oyunları öncəsi test xarakteri daşıyacaq.

100-dək avarçəkənin qatılacağı yarışda Azərbaycanı hər 3 növ üzrə 70-dək idmançı təmsil edəcək. Onlar Bakı və Mingəçevirdəki "Kür" klubunun yetirmələri, eləcə də müxtəlif yaş qrupları üzrə yığma komandaların üzvləri olacaq. Bildirilir ki, Gürcüstanın bütün növlərdə 22, Türkiyənin isə kayak və kanoe üzrə 8 təmsilçisi çıxış edəcək.

"Bakı 2015"in proqramında akademik avarçəkmə yox, kayak və kanoe növləri yer alır. Bu səbəbdən, əsas diqqətlər hər 2 növ üzrə nüfuzlu reqatalarda öz sözlərini deməyi bacaran Azərbaycan yığmasının aparıcı üzvlərinə yönələcək. Bunlar kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko və kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskayadır. Eyni zamanda kanoeçilərdən Sergey Bezuqlıy - Aleksey Kupin və kayakçı Mirnazim Cavadovla Tamerlan Mustafayevin çıxışları böyük maraq doğurur.

Prezident Kubokunun daha bir özəlliyi yeni mövsümə start xarakteri daşımasındadır. Məhz bu reqatadan sonra Azərbaycan yığmalarının qarşıdakı daha nüfuzlu yarışlar üçün heyətləri müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar yenilənmiş Olimpiya Mərkəzində keçiriləcək reqataya aprelin 5-də yekun vurulacaq. “Bakı 2015” öncəsi test xarakteri daşıdığından, Prezident Kubokunu Əməliyyat Komitəsinin (BEGOC) nümayəndələri də izləyəcəklər.