YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yenilənmiş çevik idarəetmə mexanizmləri, innovativ yanaşma, varislik və dövrün çağırışlarının vəhdəti əsasında atılan addımlar Yeni Azərbaycan Partiyasının bugünkü obrazıdır

Bəxtiyar İslamov

YAP Gənclər Birliyinin sədri

Regionun ən böyük siyasi təşkilatı, hakim Yeni Azərbaycan Partiyasının VII Qurultayından 1 il ötür. 1 il öncə Partiyamızın sədri, Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Qurultayda qəbul olunmuş qərarlar və müəyyən edilmiş hədəflər qısa zaman ərzində ölkəmizin siyasi mühitində öz müsbət nəticələrini göstərməyə başladı. Bütün bunlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 30 il öncə yaradılmış Yeni Azərbaycan Partiyasının gələcək uğurlarının və hədəflərinin ilk göstəriciləridir.

90-ci illərin əvvələrində böyük bir uçurumun astanasında olan Azərbaycan siyasi hərc-mərcliyin mərkəzinə çevrilmişdi. Yarıtmaz hakimiyyətin şəxsi maraqlara yönəlmiş addımları ölkəmizin varlığını böyük bir sual altına qoyurdu. Belə bir zamanda xalqın arzusu və mütləq dəstəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev təkcə Azərbaycanı və xalqını xilas etmədi. O, əsasını qoyduğu Yeni Azərbaycan Partiyası ilə ölkəmizə siyasi peşəkarlığı və mədəniyyəti gətirdi. Bunun nəticəsi idi ki, bütün seçkilərdə YAP ard-arda parlaq qələbələr qazandı.

Təbii ki, Azərbaycan xalqının bütün seçkilərdə Yeni Azərbaycan Partiyasını dəstəkləməsi təkcə siyasi peşəkarlıq və uğurlu başlanğıcdan qaynaqlanmırdı. Burada digər önəmli bir məqam əvvəlcə Ümummili Liderin 10 illik prezidentliyi dövründə, daha sonra isə Müzəffər Prezident, cənab İlham Əliyevin rəhbərliyində Azərbaycanın parlaq inkişafında, regionun lider dövləti rolunu daha da gücləndirməsində Yeni Azərbaycan Partiyasının öz siyasi rolunu oynaması idi. Bu rol istər partiya təmsilçilərinin öz fəaliyyətlərində, istərsə də xalq-iqtidar birliyində özünü açıq şəkildə büruzə verirdi.

Dünyada sürətlə başverən dəyişikliklər, yeniliklər onlara eyni şəkildə cavab verməyi, çevik adaptasiyanı tələb edir. Şübhəsiz ki, Azərbaycan və bütün regionumuz üçün ən böyük dəyişikliklər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun Vətən müharibəsində qazandığı qələbə ilə bağlıdır. 2020-ci ildə, 44 gündə qazanılmış qələbə təkcə 30 ilə yaxın davam edən işğala son qoymadı. Ərazi bütövlüyünü bərpaedən Azərbaycan regiona yeni reallıqlar gətirdi. Dövrünün ən böyük liderlərindən olan prezident İlham Əliyevin bu reallıqları ən başından nəzarətdə saxlaması, atdığı addımlar Azərbaycanı sadəcə dəyişikliklərə uyğunlaşdırmadı, bu dəyişiklikləri özü üçün avantaja çevirən qalib ölkə statusuna gətirdi. Həyata keçirilən siyasi-iqtisadi islahatlar, qəbul olunan sosial proqramlar ölkəmizin regional güc mərkəzi obrazını daha da möhkəmləndirdi. Təbiidir ki, bu dəyişiklər və islahatlar siyasi mühitdə də daha çevik addımların atılmasını tələb edirdi. Bunun nəticəsi idi ki, 1 il öncə Yeni Azərbaycan Partiyasının VII Qurultayı həm partiyanın həyatında, həm də bütövlükdə ölkəmizin siyasi arenası üçün yeni bir başlanğıc oldu. Yeni reallıqların və çağırışların məntiqi ardıcıllığı olan bu başlanğıcın təməli partiyamızın sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qərarlar və dəyişikliklərdə özünü göstərdi. Yenilənmiş struktur və heyət, çevik idarəetmə mexanizmləri, innovativ yanaşma, qəbul olunmuş proqramların milli kimlik, tarixi ənənələrimiz və dövrün çağırışlarının vəhdəti əsasında hazırlanması Yeni Azərbaycan Partiyasının gələcək obrazını əks etdirirdi. Bu dəyişikliklərin praktiki nəticələrinin ən başında, ilk ilində özünü göstərməsini yenilənmənin gətirdiyi uğurların başlanğıcı hesab etmək olar. Əlbəttə ki, xüsusi vurğulanmalı məqam Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini vəzifəsinə Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti, Mehriban xanım Əliyevanın təyin olunmasıdır. Mehriban xanım Əliyevanın öz fəaliyyəti, idarəetmə prinsipləri, ölkəmizdə həyata keçirilən islahatlarda oynadığı əvəzsiz rol və Azərbaycanın beynəlxalq nüfuzunun artması yönündə atdığı addımlar Yeni Azərbaycan Partiyasının gələcək uğurlarına olan inancı xüsusilə artırır. Yenidən formalaşdırılmış Mərkəzi Aparat, İdarə Heyəti, Veteranlar Şurası və Gənclər Birliyi cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın gələcək uğurları və ölkəmizin daha da güclənməsi yolunda xidmət etməyi hədəfləyir. Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovun rəhbərliyi altında yenidən formalaşdırılmış mərkəzi struktur isə yenilikçi yanaşması, ümummilli maraqların qorunması və çevik idarəetmə prinsipləri ilə Yeni Azərbaycan Partiyasının ölkəmizdə formalaşdırdığı yeni siyasi mühitin əsas rolunu oynayır.

Ötən bir ilin nəticələri Yeni Azərbaycan Partiyasının həyatında təkcə struktur islahatları ilə yox, həm də yeni qəbul olunmuş proqram və əsasnamələrlə bağlıdır. Hazırlanmış proqramda partiyadaxili münasibətlərdən fərdi inkişaf elementlərinə qədər ölkəmizlə bağlı hər bir detalın xüsusilə diqqətə alınması, varislik və müasirlik anlayışlarının mükəmməl vəhdəti partiyamızın bugünkü obrazını səciyyələndirir. Peşəkarlıq, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik kimi prinsiplərin əsas partiyadaxili meyarlar kimi müəyyənləşdiyi proqram gələcək uğurlarımızda əvəzsiz rol oynayacaqdır.

Partiyamızın VII Qurultayındakı dəyişikliklər Yeni Azərbaycan Partiyasının Gənclər Birliyindən də yan keçmədi. Tamamilə yenidən formalaşdırılan heyətin qarşısında yeni reallıqların tələbindən doğan hədəflər dayanır. Prezident Cənab İlham Əliyevin istər VII Qurultaydakı çıxışı zamanı, istər bir çox çıxışlarında Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər YAP Gənclər Birliyinin bugünkü və gələcək fəaliyyətinin əsas xəttini müəyyənləşdirir. Ötən il Şuşadan Azərbaycan xalqına səslənən Müzəffər Ali Baş Komandanın qeyd etdiyi xüsusi bir məqam onun rəhbərliyi altında Vətən Müharibəsində qazanılmış qələbədə iştirak edən Azərbaycan Ordusunun mütləq əksəriyyətinin onun hakimiyyəti dövründə formalaşmış gənclər olması idi. Son 19 ildə formalaşmış Azərbaycan gəncliyi vətəninə bağlılığını, bir yumruq ətrafında hər zaman birləşməyə hazır olduğunu və bununla da ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrini 44 gündə sübut etdi. Qələbədən sonra yaranmış reallıqlar fonunda Azərbaycan gəncliyini yeni və daha da məsuliyyətli vəzifə gözləyir. Bu, qazanılmış qələbənin qorunub saxlanılması, müstəqilliyimizin hər daim möhkəmləndirilməsi və ölkəmizin gələcək inkişafı üçün var gücümüzlə çalışmaqdır. Bunun üçün isə vətənpərvərlik, varislik, dövlətçilik dəyərlərimizi hər zaman təbliğ etmək, milli kimliyimizi qorumaq, savadlı və yeni çağırışların gətirdiyi innovativ yenilikləri öyrənən gənclik olmalıyıq. YAP Gənclər Birliyi olaraq sadəcə çoxminlik partiya sıralarımızda təmsil olunmaq yox, bütün Azərbaycan gəncliyi üçün bu dəyər və prinsipləri aşılamaq, təbliğ etmək yönündə fəaliyyət göstərir, fəaliyyətimizi daha da təkmilləşdiririk.

Əminik ki, qarşıdakı zaman Yeni Azərbaycan Partiyasının VII Qurultayında qəbul edilmiş qərarların və qarşıya qoyulmuş hədəflərin daha böyük uğurlarını və nailiyyətlərini açıq şəkildə sübut edəcəkdir.

DİGƏR Xəbərlər Arxiv