Xəbərlər
YAP üzvü olan gənclər üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər
Siyasi qüvvələrin YAP-a inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə nail olmaq məqsədi daşıyır
Bir il bundan öncə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisə idi. Qurultayda Prezident, YAP-ın sədri İlham Əliyev geniş proqram xarakterli nitqlə çıxış etdi. Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının VII qurultayında müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin etməyə yönəlmişdi. YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında çıxışında vurğuladığı kimi, son üç il ölkəmiz üçün bir çox məqamlarla bağlı həlledici dövr olub. Təbii ki, VI və VII qurultaylar arasında keçən müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunması xüsusi qeyd edilməlidir. Azərbaycan bu Qələbəsi ilə öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Hər birimiz şahidik ki, son 17 il ərzində dövlətimizin başçısı münaqişə ilə bağlı bütün çıxışlarında deyirdi ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq və heç vaxt imkan verməyəcək ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti yaradılsın. Uzun illər ərzində beynəlxalq vasitəçilər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə dəfələrlə demişdi ki, əgər bu məsələ sülh yolu ilə öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll edəcəyik və belə də oldu.
Əldə olunmuş tarixi Qələbə dövlətimizin başçısının güclü iradəsini, xalqımızın böyük əzmini və Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Ancaq bu möhtəşəm tarixi Zəfər gününə qədər ölkəmizdə bu Qələbəni şərtləndirən bir çox proseslər, o cümlədən zəruri hazırlıq işləri həyata keçirilmiş, mühüm hadisələr baş verib. Ölkəmizdəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi bunu bir daha təsdiqləyir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradır. Deyə bilərik ki, ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Bu inteqrasiya siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətinə gətirib çıxarıb. Məhdud resurslara malik partiyaların kifayət qədər güclü siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyaların üzvləri üçün yeni imkanlar yaradıb. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunur. Eyni zamanda, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə nail olmaq məqsədi daşıyır. Ölkədə partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına müsbət təsir göstərir. Siyasi partiyalar sistemində müşahidə olunan tendensiyalar YAP-ın gücündən və elektoratın potensialından xəbər verir. 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamı ifadə edir.
Partiyamızın sədri, Prezident İlham Əliyevin qurultayda çıxışı zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə həyata keçirilən gənclər siyasəti, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin şücaəti, milli-mədəni köklərə bağlı gəncliyin formalaşmasının ölkəmiz üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər zaman gənclər siyasətinə xüsusi diqqət göstərib, nəticədə uğurlu bir gənclər siyasəti modeli yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Prezident İlham Əliyevin başlatdığı yeni islahatlar dalğasında da gənclər prosesin mərkəzindədirlər. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq etməsi bu diqqətin təzahürüdür.
Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunurlar. Yeri gəlmişkən qeyd etmək yerinə düşər ki, YAP-ın yeni formalaşan İdarə Heyətində də, həmçinin rayon təşkilatlarının sədrləri arasında da gənclər üstünlük təşkil edir. Vətən müharibəsi zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə toxunan dövlətimizin başçısı bundan sonrakı dövrdə də vətənimizin daha da inkişafı üçün gənclərimizin üzərinə böyük yük düşdüyünü qeyd edib. Vətən müharibəsi zamanı şücaət göstərən gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti illərində yetişən gənclik olub. Burada Ulu Öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” kəlamı yada düşür. Azərbaycan gəncliyi Prezident İlham Əliyevin hakimiyyəti dövründə dövlətimizin başçısının fəaliyyətinin bütün istiqamətlərində ən önə çıxan anlayışın Vətən sevgisini olduğunu gördü, belə yetişdi.
Prezident İlham Əliyev həmçinin Qarabağın bərpasında, Böyük Qayıdışın icrası zamanı partiyanın gənclərinin də fəal şəkildə iştirak etməli olduğunu xüsusilə vurğuladı. Azad olunmuş ərazilərdə 17 ay ərzində gerçəkləşdirilən layihələrin reallaşmasında Azərbaycan gənclərinin rolu danılmazadır. Düşünürəm ki, Yeni Azərbaycan Partiyasında təmsil olunan gənclər bütün bu proseslərdə yaxından iştirak edir və üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Bütövlükdə, hesab edirəm ki, bundan sonrakı dövrdə də partiya fəaliyyətini müasir dövrün tələblərinə uyğun quracaq, daha böyük uğurlar qazanacaq.
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri