YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası yeni hədəfləri ilə qalib Azərbaycanı möhtəşəm uğurlara doğru aparır

Elməddin Quliyev,

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri 

Şanlı Zəfərimizin reallıqları fonunda 5 mart 2021-ci il tarixdə VII qurultayını keçirən Yeni Azərbaycan Partiyası ötən bir ildə zəngin tarixinə yeni səhifələr əlavə etdi. Hər bir əlamətdar tarix keçilən yolu təhlil etməyi və yeni hədəfləri müəyyənləşdirməyi bir zərurət kimi ortaya qoyur.  Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin  partiyanın VII qurultayında  proqram xarakterli çıxışı bu il  30 illik yubileyini qeyd edəcək partiyanın keçdiyi çətin və şərəfli  yolun aydın mənzərəsini yaradır. Həmin çıxışında cənab İlham Əliyev bir daha Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu önə çəkərək partiyanın böyük ənənələri olduğunu xüsusi vurğuladı.   

Təbii ki, dövr, zaman dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq edilməlidir. Eyni zamanda, Azərbaycan bütün sahələrdə qazandığı təcrübə ilə nümunə olmalıdır. Məhz bu çağırışların reallıqda öz əksini tapması son 18 ilin davamlı uğurlarını, Azərbaycanın beynəlxalq aləmdə təqdir olunan və öyrənilməsinin vacibliyi vurğulanan inkişaf modelini şərtləndirən əsas amillər sırasında oldu. Möhtərəm Prezidentimiz Yeni Azərbaycan Partiyasının VII qurultayında ölkəmizin ötən illərdə qazandığı uğurlara, dünyaya səs salan və yeni reallıqlar yaratmaqla yanaşı, onların qəbulunu diktə edən tarixi Zəfərimizə söykənərək çağırışlar etdi, partiyamızın yeni proqramı  hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanması və təqdim edilməsi tapşırığı verildi. Bu tapşırığa uyğun olaraq Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlandı və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edildi.  Yeni proqran bütün sahələrdə yenilikləri, qarşıdakı dövrdə görüləcək işləri və hədəfləri ehtiva edir. İstər 30 illik yolun təhlili, istərsə də partiyann həyatında əhəmiyyətli rol oynayan qərarların qəbul olunduğu qurultaylar özlərində əks etdirdikləri dövrün reallıqlarına uyğun addımların atılmasını bir tələb kimi qarşıya qoyur. Diqqət yetirək. Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilən I qurultayında ulu öndər Heydər Əliyev partiyanın yaranmasından ötən 7 ilin təhlilini verərək qeyd etmişdir ki, bu illər ərzində YAP addım-addım irəliləyib, inkişaf edib, genişlənib və böyük bir partiyaya çevrilib. Qurultay partiyanın nə qədər güclü, əzəmətli və dərin fikirlərə malik olduğunu sübut edir.  Ulu Öndər qurultayın yekununda Azərbaycan cəmiyyətinə, bütün vətəndaşlarımıza, siyasi partiyalara və ictimai birliklərə bu müraciəti etmişdir ki, demokratiyanın tələblərini düzgün və olduğu kimi qəbul etsinlər, ölkəmizin demokratik yolla getməsi üçün öz fəaliyyətlərini həqiqətən demokratik üsullarla həyata keçirsinlər. Bütün siyasi partiyalar ümummilli birliyə, ümumi vətəndaşlıq birliyinə, qlobal, ümummilli, ümumxalq, ümumdövlət   məsələlərinin həll olunması üçün  əməkdaşlığa dəvət edilmişdir.

Birinci qurultaydan ötən 23 il müasir müstəqil Azərbaycanın həyatında biri-birindən əhəmiyyətli, möhtəşəm uğurlarla yadda qalıb. Bu illər, həmçinin ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildən artıq dövrdə  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının həyatında da mühüm tarixi məqamlarla xatırlanır. Bu illər ərzində partiyanın əldə etdiyi uğurlar, cəmiyyətdə artan nüfuzu, beynəlxalq mövqeyi ölkədə keçirilən seçkilərdə xalqın inam və etimadını qazanmasında, irəli sürdüyü təşəbbüslərin, qəbul etdiyi qərarların dəstəklənməsində, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirməsində, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına verdiyi töhfələrində öz aydın ifadəsini tapır. Bu gün 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası “Güclü dövlət, yüksək rifah” prinsipinə sadiqliyini atdığı addımları ilə təsdiqləyir, milyonların sevgisini qazanır. 1992-ci ildə xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı ilə bugünkü reallıqların təməlini qoyan ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir” çağırışı  Vətənini, dövlətini, xalqını sevən, onun gələcəyi üçün bütün qüvvə və bacarıqlarını səfərbər edən hər bir Azərbaycan vətəndaşının həyat amalına çevrilib.

Bu illər ərzində hər bir azərbaycanlının qürur duyduğu ən möhtəşəm, tariximizə qızıl hərflərlə yazılan uğurumuz   2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, 30 ilə yaxın dövrdə öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın həsrətinə son qoyulması oldu.  Bu Zəfər dövlətimizin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgisinin təqdimatı oldu. Bu şanlı Zəfər ümummilli məsələlərin həllində vətəndaş birliyimizi, Azərbaycanın multikultural, tolerant ölkə olduğunu təsdiqlədi.  Ümummilli lider Heydər Əliyevin I qurultaydakı çağırışları reallıqda öz təsdiqini tapdı.  44 günlük Vətən Müharibəsinin gedişi dövründə 50-dən artıq siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə dəstəklərini onun ətrafında sıx birləşmələri ilə ifadə etdilər. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmaq barədə qərarı da partiyamızın cəmiyyətdə artan mövqeyinin, ona olan inamın və etimadın göstəricisi oldu.  Partiyanın I qurultayı ilə VII qurultayında müzakirə olunan məsələlərin, qəbul edilən qərarların  müqayisəli təhlili fonunda bu fikri böyük inam və qətiyyətlə ifadə edirik ki, Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Eyni zamanda, hər dövrün reallıqları qəbul olunun qərarlarda özünün aydın ifadəsini taparaq qarşıdakı dövrdə atılacaq addımların, görüləcək işlərin təqdimatı oldu.  Partiyanın VII qurultayı tarixi Zəfərimizin yaratdığı reallıqlara söykənərək keçirildiyi kimi, son bir il də bu reallıqların təsdiqi və qəbulunu nümayiş etdirən addımların atılması ilə yadda qaldı.  İşğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işləri soydaşlarımızın Böyük Qayıdışının artıq reallığa çevriləcəyindən xəbər verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təkcə 2021-ci ildə işğaldan azad edilmiş ərazilərimizə reallaşdırdıqları 32 səfərin hər biri tarixi hadisə kimi dəyərləndirilərək, mühüm sosial obyektlərin təməlinin qoyulması, yaxud açılışının keçirilməsi ilə yadda qalıb. Bölgələrin inkişafında əsas amil olan yol-nəqliyyat infrastrukturu yenilənib. Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşaya istiqamətlənən Zəfər yolumuz istifadəyə verildi. Şuşamız iki dost, qardaş ölkə olan Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. Mədəniyyət paytaxtımızın əvvəlki şöhrəti özünə qaytarılır. “Xarıbülbül” musiqi festivalı, həmçinin Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi.  Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Bütün işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri dövlət başçısı İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyası əsasında həyata keçirilir. İlk pilot layihə olaraq Zəngilanın Ağalı kəndlərinin “ağıllı kənd” layihəsi çərçivəsində bərpası həyata keçirilir. Bu kəndlər öz sakinlərini səbirsizliklə gözləyir. Şuşaya və Ağdama avtobus reysləri təşkil olunur. Tarixi Zəfərimizdən ötən bir ildən artıq dövrdə aparılan bərpa və quruculuq işlərinin miqyası o qədər genişdir ki, onların hamısını sadalamaq mümkün deyil.  Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər bölgələrimizin də inkişafını daim diqqətdə saxlayır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı illər üçün ölkəmizin iqtisadi inkişafının yol xəritəsidir.

Yeni Azərbaycan Partiyasının beş  - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəsillərindən ibarət yeni proqramında  hər bir fəsil  özündə sosial-iqtisadi, siyasi,  ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və sair  sahələri əhatə edən bölmələri birləşdirir. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir. Bu baxımdan “Partiyanın əsas hədəfləri” fəslində yer alan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” bölməsində qeyd olunur ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın həyatında mühüm tarixi hadisədir. Ermənistanın hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşən insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi sahəsində YAP-ın hədəfləri layiqli yaşayışın bərpası üçün işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparılması; bu ərazilərin ölkənin ən abad guşələrindən birinə çevrilməsi; bu ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi; regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması; regionun sürətli iqtisadi inkişafının təmin olunması üçün stimullaşdırıcı tədbirlərin görülməsi;  “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının hazırlanması və həyata keçirilməsidir.

Yeni proqramda  partiyanın əvvəlki proqramında əksini tapan və müasir dövrün tələblərinə çağırışlarına  cavab verən  ideoloji prinsiplər qorunub saxlanılıb. “Yeni dəyərlər və prinsiplər” bölməsində qeyd olunduğu kimi, Azərbaycana davamlı uğurlar qazandıran  ulu öndər Heydər Əliyevin  yolu siyasi müdrikliyi, illərlə toplanmış böyük dövlətçilik təcrübəsini, qətiyyətli siyasi iradəni və Azərbaycanın hərtərəfli inkişafını nəzərdə tutan ideya-siyasi baxışlar sistemidir. Bu siyasi xətt müstəqil dövlətçiliyin möhkəmlənməsini və inkişafını təmin edir, onun vasitəsilə Azərbaycanın milli inkişaf strategiyasının istiqamətləri müəyyən olunur. Milli maraqların üstünlüyü, güclü, müstəqil, hüquqi, demokratik dövlət, inkişaf edən şaxələndirilmiş iqtisadiyyat, idarəçilikdə və milli ideologiyada varislilik, azad insan, azad cəmiyyət, xalq-hakimiyyət vəhdəti, inkişaf etmiş vətəndaş cəmiyyəti, söz və mətbuat azadlığı, siyasi plüralizm, multikulturalizm və tolerantlıq kimi dəyərlər Heydər Əliyev yolunu səciyyələndirən əsas xüsusiyyətlərdir. Heydər Əliyev yolu xalqımızın gələcəyinə istiqamətlənmiş, Azərbaycan dövlətinin tərəqqisinə və möhkəmlənməsinə xidmət edir. Bu siyasi kurs milli çağırışların qlobal çağırışlarla uzlaşdırılması əsasında varislik və təkamül yolu ilə inkişaf edir. Partiyanın əsas hədəflərindən biri məhz Heydər Əliyev irsinin təbliği və təşviqidir.  Son 18 ildən artıq dövrdə  ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı dünyaya etibarlı tərəfdaş, ən islahatçı, demokratiya təcrübəsi nümunə olan ölkə kimi təqdim edib, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Bu gün Azərbaycan Ümummilli Liderin görmək istədiyi Azərbaycandır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını növbəti inam və etimadın ünvanı kimi göstərməklə Azərbaycanın etibarlı gələcəyini təmin etdi. Xalqımız 2003-cü ildə keçirilən prezident seçkilərindəki  seçimində yanılmadığını böyük qürur hissi ilə qeyd edir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verirlər.

Qeyd etdiyimiz kimi, YAP-ın VII qurultayı yeni qərarlarla, struktur dəyişiklikləri ilə, yeni tərkibin formalaşması ilə tarixə yazıldı.  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP Sədrinin Birinci   müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Xalqımız tam əmindir ki, Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində qalib Azərbaycanımız bundan sonra daha da inamla irəliyə doğru addımlayacaq, möhtəşəm uğurlara imza atacaq. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyası ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı ilə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Yeni Azərbaycan Partiyasının yeni proqramının beşinci- “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” fəslində qeyd olunduğu kimi, partiya  zamanın bütün sınaqlarından uğurla çıxıb, xalqımızın və Vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanıb.  Partiya bundan sonra da özünün bütün potensialını müasir, zəngin və qüdrətli Azərbaycanın tərəqqisinə səfərbər edəcək. YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Yarandığı vaxtdan bugünədək qazandığı böyük nailiyyətlər bir daha sübut edir ki, YAP yeni üfüqlərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır.

DİGƏR Xəbərlər Arxiv