YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatı qurulur

Məşhur Məmmədov,

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Moskva səfərindən günlər keçsə də, hələ də səfər müzakirə mövzusudur. Səfər zamanı TASS informasiya agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirilən görüş Azərbaycan həqiqətlərinin və ölkəmizin müxtəlif məsələlərdə mövqeyinin Rusiya media elitasına birbaşa çatdırılması baxımından önəmlidir. Heç kimə sirr deyil ki, ənənəvi olaraq Rusiyada erməni diasporunun və lobbisinin ölkədə ictimai rəyin formalaşmasına təsiri güclü olub. Bu da əksər hallarda Azərbaycan haqqında mənfi rəy yaradılmasında və ölkəmiz barədə həqiqətlərin təhrif edilməsində ciddi rol oynayıb.

Bildiyimiz kimi həmin görüşdə Rusiya mediasının erməni diasporuna mənsub olan əsas siması, Russia Today telekanalının, Rosiyya Seqodnya və Sputnik agentliklərinin baş redaktoru Marqarita Simonyan da iştirak edirdi. Onun etnik ermənilərin Azərbaycana girişinə guya qadağa qoyulması ilə bağlı Prezidentə verdiyi suallar qərəz xarakteri daşıyırdı. Cənab Prezident İlham Əliyev həmişəki kimi məntiqli və faktlara əsaslandırılmış cavablar verərək bildirdi ki, Azərbaycanda keçirilən müxtəlif idman yarışlarında və digər tədbirlərdə iştirak etmək üçün etnik ermənilər təhlükəsiz şəkildə ölkəmizə gəlib gedirlər. Hətta erməni katalikosu Qaregin də Azərbaycana səfər edib və Bakının mərkəzində yerləşən erməni kilsəsində olub. Cənab İlham Əliyev onu da nəzərə çatdırdı ki, həmin kilsədə erməni dilində beş mindən çox kitab qorunub saxlanır. Katalikos Qaregin həmin kitablarla tanış olub. Heç kimə sirr deyil ki, Azərbaycanda minlərlə erməni millətindən olan vətəndaşlar yaşayırlar.

Ümumiyyətlə, Azərbaycan ənənəvi olaraq multikultural ölkə olub, burada müxtəlif din və etnik mənsubiyyətli insanlar rahat və azad yaşayırlar. Marqarita Simoyan qərəzli suallarını verərkən unutdu ki, Azərbaycanla sıx əlaqələri olan şəxslər də görüşdədir. Prezidentin bu qeydlərinə ən yaxşı sübut həmin görüşdə iştirak edən Azərbaycan əsilli nüfuzlu Rusiya jurnalistləri, o cümlədən etnik yəhudi Mixail Qusman idi. Onlar da Azərbaycanda müxtəlif mənsubiyyəti olan insanların, o cümlədən ermənilərin mehriban mühitdə yaşadıqlarını qeyd ediblər.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirakçıları, Azərbaycanda yaradılan mehribanlıq mühiti ilə tanış olmaq, Azərbaycanı və işğaldan azad edilmiş əraziləri öz gözləri ilə görmək üçün ölkəmizə dəvət etdilər. Onların bu dəvəti çox məqsədyönlü addımdır. Səfər baş tutarsa, Rusiyanın aparıcı KİV rəhbərləri, o cümlədən erməni diasporunu və lobbisini təmsil edən şəxslər işğaldan azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən törədilmiş ağlasığmaz dağıntılar və xarabalıqlar faktı ilə üzbəüz qalacaqlar, bütün vəhşilikləri gözləri ilə görəcəklər.

TASS-da görüş zamanı Prezident İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərlərinin digər suallarını da cavablandırdı. Görüş iştirakçılarını maraqlandıran əsas sual Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinin perspektivlərinə aid idi. Sözügedən suala cavab verərkən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə artıq dialoq üzrə tərəfdaşdır. Növbəti pillə olan müşahidəçi statusu almaq üçün bir neçə il əvvəl təşkilatın katibliyinə edilmiş müraciətə isə bəlli olmayan səbəbdən hələ cavab verilməyib. KTMT ilə bağlı suala gəldikdə isə, o qeyd edib ki, “KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır”. Rusiya olmasaydı, KTMT çoxdan unudulmuşdu. Ona görə də Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərinin inkişaf etdirilməsində maraqlıdır. Prezident qeyd etdi ki, eyni sözləri Avrasiya İqtisadi İttifaqı haqqında da demək olar.  Sözsüz ki, Azərbaycanın Türkiyə ilə münasibətləri də rusiyalı jurnalistlər üçün ciddi maraq doğurur. Azərbaycan həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik münasibətləri qurur. Türkiyənin NATO-ya üzv dövlət olmasını, Rusiyanın isə KTMT-nin de-fakto lider ölkəsi olmasını nəzərə aldıqda, Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik münasibəti qurması olduqca uzaqgörən və balanslı siyasətdir. Prezident bəyan etdi ki, artıq faktiki olaraq Azərbaycan, Türkiyə və Rusiya arasında üçtərəfli əməkdaşlıq formatı qurulur. Bütün ölkələrə xeyirli-uğurlu olsun!

DİGƏR Xəbərlər Arxiv