YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı

Tofiq Cahangirov, YAP İdarə Heyətinin üzvü

Bu gün Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətinə Ulu Öndər Heydər Əliyev bu faciə barədə demişdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Doğrudan da Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub. Bununla da Ermənistan monoetnik dövlətə çevrilib.

1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Elə XX əsrin faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi idi. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan yaşayış məntəqəsini, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən Xocalını yer üzündən birdəfəlik silmək istəyi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildi. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak edirdi.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirildi. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirildi, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edildi. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirildi. Ekspertiza zamanı müəyyən edildi ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub,10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirirdilər. Onlarıın başının dərisini soyur, başlarını və bədəninin digər orqanlarını kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarnını yarırdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunan 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilirdi. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur. Hər il olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, sərgilər nümayiş olunur. Ancaq son iki il əvvəlki illərdən fərqlənir. Çünki 2020-ci ilin payızında başda möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli ordumuz Ermənistan silahlı qüvvələrinə layiq olduqları yeri göstərdi.

Otuz il havadarlarının himayəsi ilə torpaqlarımızı işğalda saxlayan, sərhədboyu ərazilərdə təxribatlar törədən, dinc əhalini qətlə yetirən Ermənistan ordusu diz çökdürüldü. 2020-ci il noyabrın 10-da Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatla işğalçı ölkə rəsmən təslim olduğunu təsdiqlədi. İndi bütün dünya Azərbayacanı qalib, Ermənistanı isə məğlub kimi tanıyır. Xocalıların qanı yerdə qalmadı, qisası alındı. Bu faciənin 30-cu ili qəm-qüssə ilə xatırlansa da, soyqırımı qurbanları qarşısında başımızı dik tuturuq və “Qanınız yerdə qalmadı!” – deyirik.

Onu da qeyd edək ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və digər ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib.

Yeri gəlmişkən, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə maarifləndirmə işi aparılması, onun tanıdılması istiqamətində xeyli işlər görülüb.  Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir.

Bu il də dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsini anmaq üçün tədbir və mərasimlər keçirilir. Bu soyqırımının dünyada tanıdılması ümumxalq məsələsidir. Ona görə də bütün vasitələrlə çalışmalıyıq ki, Xocalı soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün hüquqi-siyasi qiymətini alsın. Bu qanlı faciənin bütün dünyada tanıdılması ümumxalq məsələsidir və hər birimiz bu işdə fəal iştirak etməliyik.

DİGƏR Xəbərlər Arxiv