YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlılara qarşı soyqırım və terror siyasəti

“Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist- millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”. 

Heydər ƏLİYEV

Azərbaycan xalqının ümummilli lideri

 

 Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Son iki yüz ildə Azərbaycan xalqı dəfələrlə kütləvi qırğınlara və soyqırımlarına məruz qalmışdır. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər xarici havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımıza qarşı bəşəri cinayət olan  soyqırımı siyasətini həyata keçirmişlər.

Azərbaycan xalqına qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə “Böyük Ermənistan” yaratmaqdan ibarət olmuşdur. 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi məhv edilmiş və torpaqlarından didərgin salınmışdır. Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən Erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmisi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdılar.

Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları nəticəsində onların yaşadıqları iki minə yaxın yaşayış məskəni boşaldılmışdır. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin onların yerində məskunlaşdırılma kampaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin yatırılmasından sonra daha geniş vüsət almışdır. 20-ci əsrin əvvəllərində Cənubi Qafqzda yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olmuşdur.

Həmin dövrdə “Daşnaksutyun” partiyası öz proqramında dəyişiklik edərək, fəaliyyətinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə terrorçu silahlı birləşmələr yaratmışdır.

Rusiyanın rəsmi dairələrinin ermənipərəst mövqeyindən istifadə edən “Daşnaksutyun” partiyası İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi qırğınlar törətmişdir. 1905-1906-cı illərdə əvvəlində Rusiyada baş verən iğtişaşlardan bir fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişdir. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə) və Şərur-Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında kütləvi soyqırım törətmiş, 200-dən artıq azərbaycanlı kəndini viran qoymuşlar.

Ermənilərin Azərbaycan xalqına qarşı çevrilmiş soyqırımı siyasəti çar Rusiyasında mərkəzi hakimiyyətin süqut etdiyi, keçmiş imperiyanın dərəbəylik və anarxiya şəraitində yaşadığı 1918-ci ildə daha geniş vüsət almışdır. Bu dövrdəki soyqırımı daha mütəşəkkil şəkildə və daha böyük bir qəddarlıq və amansızlıqla həyata keçirilmişdi. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd-yuvalarından didərgin salmışdılar. Yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 7 min nəfərədək adam, o cəmlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi yerlə yeksan edilmişdi. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə cəmisi 70 min nəfərə enmişdir. Göründüyü kimi, qısa müddət ərzində soyqırımın və geniş miqyaslı etnik təmizləmələrin aparılması nəticəsində erməni millətçiləri qarşılarına qoyduğu məqsədə əsasən nail olmuşlar.

Şovinist ruhlu erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymətin verilməməsi səbəbindən sovet hakimiyyəti dövründə də azərbaycanlılar onlara qarşı yeridilən antihumanist siyasətlə dəfələrlə üzləşmişlər. Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların taleyi bu düşünülmüş, rüsvayçı siyasətin əyani təzahürüdür. “Sürünən” deportasiyalar, habelə 1948-1953 və 1988-1989-cu illərin zorakı deportasiyaları nəticəsində Ermənistan SSR-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra fövqəladə istintaq komissiyası yaradılmış və ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər şahid ifadələri əsasında sənədləşdirilmişdir. Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə hər il martın 31-ni matəm günü kimi qeyd etmək qərara alınmışdı. Erməni təcavüzünün qurbanlarının xatirəsi 1919-cu və 1920-ci il martın 31-də matəm kimi qeyd edilmişdi. 1920-ci ildən sonra Ermənistanda azərbaycan türklərinə qarşı deportasiya siyasəti “dostluq” və “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilmişdir. 1930-1937-ci illərdə Ermənistanın Türkiyə və İranla sərhəd boyunda yaşayan 50 minə yaxın azərbaycanlı repressiyaya məruz qalaraq həbs edilmiş, Qazaxıstan və Sibir çöllərinə sürgün edilmişlər.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-də kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarına əsasən 1948-1953-cü illərdə azərbaycanlılar yaşayan ən münbit ərazilərdən, xüsusən də İrəvan və onun ətraf rayonlarından 150 minə yaxın əhali deportasiyaya məruz qalaraq Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Köçürülən əhalinin təqribən yarısı iqlim şəraitinə uyğunlaşmayaraq tələf olmuşdur.

1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini anneksiya etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək müddət ərzində soydaşlarımız yaşayan 22 rayonda 170 tam və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur.

Ermənistan Respublikası azərbaycanlılara qarşı təkcə fiziki soyqırım siyasətini deyil, onları tarixi-etnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırım – türk mənşəli toponimləri erməniləşdirmək aksiyasını da həyata keçirmişdir. Son vaxtlara qədər mövcud olan türk mənşəli toponimlərin hamısı dəyişdirilmiş və yaxud soydaşlarımızın yaşadıqları kəndlər ölü zonaya çevrilərək, yaşayış məntəqələrinin siyahısından silinmişdir.

Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından qidalanaraq əhalisinin 30 faizini azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını) işğal edib xarabazara çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar.

Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunu işğal etmiş (ərazisinin 20 faizi, yaxud 1/5 hissəsini), 20 minə yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın əhalini girov götürmüşlər ki, onların da əksəriyyəti uşaqlar, qadınlar və qocalar təşkil edirlər. İşğal edilmiş ərazilərdə 4 mindən çox sənaye və kənd təsərrüfatı obyekti, 724 şəhər, kənd və qəsəbə qarət edilmiş, ümumi sahəsi 6 milyon kv. metr olan 180 mindən artıq mənzil və şəxsi ev, minə yaxın təlim tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları tərəfindən dağıdılmışdır

Nəhayət, Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş soyqırım aktı öz miqyası etibarilə Xatın, Lidisa, Sonqmi və Srebrenitsa ilə müqayisə oluna bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin mülki əhalisi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən kütləvi soyqırıma məruz qalmışdır. Bəşəriyyətə qarşı olan bu soyqırım aktında Ermənistan Respublikasının silahlı qüvvələri və Azərbaycan Respublika¬sının Dağlıq Qarabağ ərazisindəki erməni terrorçu birləşmələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyyətinin və hərbi texnikasının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı siyasətini həyata keçirmişlər. Bu bəşəri cinayətdə mayor Seyran Ohanyanın (Ermənistan Respublikasının keçmiş müdafiə naziri) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandanlığı altında 3-cü batalyonu, 1 saylı batalyonun qərargah rəisi Valeriy Çitçiyan və alayda xidmət edən 50 nəfərdən artıq erməni zabiti iştirak etmişdir.

Soyqırım siyasəti nəticəsində 613 nəfər həlak olmuş, (o cümlədən 106 qadın, 63 uşaq) 478 nəfər əlil olmuş, 1275 nəfər erməni əsirliyinin bütün dəhşətlərindən keçmiş, 8 ailə bütünlüklə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırılmış, 150 nəfər isə itkin düşmüşdür. Şəhərin özü isə yer üzündən silinmişdir.

Xocalı soyqırımı həm də beynəlxalq terror aktıdır. Bu mütəşəkkil cinayət əməlində beynəlxalq terrorçuluq üçün xarakterik olan bütün əlamətlər vardır. İlk növbədə, o, siyasi məqsəd daşıyır və prosesdə eyni vaxtda 3 tərəf iştirak edir. Terrorun icraçıları, qurbanları və sağ qalmış insanlar. Bu halda hədəf qismində, nə qədər paradoksal səslənsə də, həlak olmuşlar deyil, sağ qalanlar seçilir. Ölənlərin sayı çox olduqca, sağ qalanlara təsirin miqyası artmış olur, total qorxu və vahimə effekti yaradılır və nəticədə siyasi məqsədin reallaşması-ərazi işğalı üçün unikal imkanlar təmin edilir. Xocalı soyqırımını həyata keçirən erməni terror birləşmələrindən birinin rəhbəri olmuş Serj Sarkisyanın (Ermənistan Respublikasının sabiq prezidenti) etirafları da yuxarıda səslənən fikirləri təsdiqləyir: “Xocalıdan öncə azərbaycanlılar güman edirdilər ki, biz onlarla zarafat edirik və hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz isə bunun əksini sübut etməyi bacardıq. Baş verənlər də məhz bunlardan ibarətdir”.

Xocalıda terror metodlarla həyata keçirilən soyqırım hadisəsi beynəlxalq reaksiyaya səbəb oldu. “Qarabağ təpələrinə səpələnən cəsədlər” -, Böyük Britaniyadan olan jurnalist Anatol Levenin reportajı belə adlanırdı.

Xocalı soyqırımını ABŞ “ilin ən böyük faciəsi” adlandırmışdı. Rusiyanın «Gün» (Denğ) qəzetinin 1992-ci il 10-16 may tarixli 19-cu nömrəsində nəşr olunmuş “Xəyanətin qiyməti” başlıqlı yazıda haqlı olaraq qeyd olunurdu ki, “niyə “Qarabağ xalqı”nın dostları olan Starovoytova, Nuykin, Bonner, Lebed və başqaları kimi siyasi muzdurlar Sumqayıtda həlak olmuş 27 erməniyə görə göz yaşları axıdırlar, lakin bir dəfə də olsun Xocalını xatırlamırlar? Qarınları yırtılmış hamilə qadınlar, başlarının dərisi soyulmuş qocalar, gözləri çıxarılaraq güllələnmiş uşaqlar-məgər bu, faşizm deyildir?”

Beynəlxalq hüquqi-normativ sənədlər Xocalı qətlamını  soyqırım cinayəti kimi tövsir etməyə əsas verir. Bu baxımdan “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”, “Beynəlxalq Nürnberq Hərbi Tribunalının Nizamnaməsi”, “Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi”, “Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi”, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı və digər sənədlər olduqca əhəmiyyətli hüquqi baza rolunu oynayır.

Ermənistanın soyqırım və terror siyasətinin, xüsusilə də Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanmışdır. Ulu Öndər “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il, “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanlar imzalamış, Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermiş, fevralın 26-sını Xocalı Soyqırımı Günü elan etmişdir. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmişdir. Xarici ölkələrdə erməni təcavüzkarlarının bəşəriyyət əleyhinə cinayətləri haqqında doğru-dürüst informasiyanın yayılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, ölkəmizinin Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətinin prioritet xəttidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuşdur və ciddi nəticələr əldə olunmuşdur.

Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan bu sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və bütövlükdə dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişdir. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən etmişdir.

Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Prezident Ilham Əliyev yanvarın 28 Sərəncam imzalamışdır.  Sənəddə qeyd olunur ki, “Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.

Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar.”

Bu il sivil bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımının 30-cu ildönümüdür. 30 ildir ki, Xocalı şəhidlərinin əziz xatirəsi ölkəmizdə və onun hüdudlarından kənarda böyük ehtiramla yad edilir. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər.

Bütün bunları nəzərə alaraq Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bir daha “Xocaliya ədalət” şüarını gündəmə gətirir və bununla bağlı haqlı tələblərimizi ifadə edirik:

- 1948-ci il 9 dekabr tarixli BMT-nin “Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılması” haqqında Konvenisyasının 2-ci maddəsini əsas tutaraq dünyanın aparıcı beynəlxalq qurumları və beynəlxalq ictimaiyyəti bu qeyri-insanı, qəddar cinayəti  pisləməli, habelə Ermənistan Silahlı qüvvələri tərəfindən bəşəriyyət əlehinə törədilmiş bu qanlı aksiyaya müvafiq hüquqi və siyasi qiymət verməlidir.

- Xocalı soyqırımı zamanı əsir və itgin düşmüş, girov götürülmüş, taleyi bu günə kimi də məlum olmayan 4 min nəfərə qədər vətəndaşlarımızla bağlı məlumatlandırmanın təmin olunması üçün BMT, dünyanın aparıcı dövlətlərinin İnsan hüquqları institutları və bu işlə birbaşa məşğul olan Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti Ermənistan hökumətinə lazimi təzyiqlər göstərməlidir.

Dünya ictimaiyyəti, əlaqədar beynəlxalq təşkilatlar Xocalıda törədilmiş soyqırımı aktına adekvat reaksiya verməli, bu cinayət soyqırımı kimi tanınmalı, onun sifarişçiləri, icraçıları ədalət mühakiməsinə cəlb olunmalıdırlar.

Sonda onu da xüsusi olaraq qeyd edək ki, Xocalı canilərinin cəzalandırılması üçün əlverişlı mühit formalaşmışdır. Bu reallıq aşağıdakı amillərlə şərtlənir:

Birincisi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuz Vətən müharibəsində tarixi zəfərə imza atmış və Xocalı qurbanlarının qisasını almışdır. Qalib dövlət olaraq Xocalı soyqırımını həyata keçirən erməni hərbi canilərinin (Robert Köçəryan, Serj Sarkisyan və digərləri) beynəlxalq hərbi tribunal qarşısında mühakimə olunması üçün təsir imkanlarımız xeyli artmışdır. Artıq Azərbaycanın hüquq-mühafizə orqanları adları qeyd olunan və digər hərbi canilətin istintaqa cəlb olunması lazımi hüquqi hərəkətlərə keçmişdir.

İkincisi, Ermənistanda Paşinyan hökuməti adları xatırladılan hərbi canilərə qarşı digər ittihamlar üzrə cinayət işi açmışdır. Bu hərbi canilərin Ermənistanda həbs olunacağı sırf zaman məsələsinə çevrilmişdir. Postmüharibə dövrünün yeni reallıqları fonunda, xüsusilə də Azərbaycan və Ermənistan arasında etimad mühitinin yaradılması istiqamətində atılan kövrək addımların yeni keyfiyyət halına keçəcəyi perspektivində Xocalı qatillərinin Azərbaycana təhvil verilməsi və ədalət məhkəməsi qarşısında qanunun sərt dili ilə mühakimə olunması real məzmun kəsb edə bilər.

Üçünücü,Azərbaycan-Rusiya münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsinin məntiqi nəticəsi olaraq Xocalı qatillərinin cəzalandırılması üçün əlavə imkanlar pəncərəsi açıla bilər.

Elman Nəsirov          

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

DİGƏR Xəbərlər Arxiv