Xəbərlər
TASS agentliyində görüş Azərbaycan həqiqətlərinin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün mühüm fürsət oldu
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Fevralın 23-də cənab Prezident İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü Azərbaycan həqiqətlərinin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün mühüm fürsət oldu. Ölkə başçısı Azərbaycan-Rusiya münasibətlərinin davamlı olaraq artan tendensiyasına diqqət çəkərək ölkələrimizin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəldiyini kütləvi informasiya vasitələrinin rəhbərlərinin diqqətinə çatdırdı. Azərbaycanla Rusiya arasında münasibətlərin qurulmasından ötən 30 il ərzində 200-dən artıq sənəd imzalanıb. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında olan münasibətlər strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunur. Bu gün isə münasibətlər özünün ən ali formatına çatıb. Ölkələrimiz arasında imzalanmış Bəyannamə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsidir. Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrup sənədin üzərində bir ildən artıq müddətdə birgə çalışıb. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir.
Görüş zamanı Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı haqqında fikir bildirərkən cənab Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın müəyyən mənada artıq başlanıldığını, Azərbaycanın öz statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün təşkilatın Katibliyinə rəsmən müraciət etdiyini qeyd edib. Bundan əlavə, Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı, yaxın, dostluq münasibətləri var. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla münasibətlər də normallaşacaq. Azərbaycan bu ölkə ilə sülh müqaviləsi bağlamaq arzusundadır. Bu haqda cənab Prezident İlham Əliyev dəfələrlə öz fikirlərini bildirib. Etnik prinsipə görə Azərbaycana girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin ölkəmizə çoxsaylı səfərləri buna sübutdur. Belə ki, Avropa Oyunları zamanı Ermənistandan olan komanda Bakıda olub. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qaregin Bakıda səfərdə olub və Bakının mərkəzində erməni kilsəsində erməni dilində 5 mindən çox kitabın qorunub saxlandığının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır.
Həm azərbaycanlı, həm də qeyri-azərbaycanlılardan ibarət Azərbaycan vətəndaşlarının rus dilində təhsil almaq üçün geniş imkanlarının olduğuna diqqət çəkən cənab Prezident İlham Əliyev 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox şəxsin bu dildə təhsil aldığını bildirib. Həmçinin Azərbaycana gələn Rusiya vətəndaşları özlərini rahat, öz mühitində, o cümlədən dil mühitində hiss edirlər. Azərbaycana gələnlərin özlərini evlərində olduğu kimi hiss etmələri üçün bütün səylər görülür. Pandemiyaya qədər 2019-cu ildə Rusiyanın bir milyon vətəndaşı Azərbaycanda turist kimi səfərdə olub. Pandemiyaya qədər hər il təqribən 15-20 faiz turist artımı müşahidə olunurdu.
Kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə Prezident cənab İlham Əliyev Azərbaycan-Türkiyə münasibətləri və müttəfiqliyi haqqında geniş məlumat verdi. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkədir. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq bütün bunlar çox vacib əhəmiyyət kəsb edir. Bu, həmin bünövrədir ki, ölkəmizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib. İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır ki, bununla da Azərbaycan-Türkiyə münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Türkiyə Azərbaycana İkinci Qarabağ müharibəsinin ilk günlərindən siyasi və mənəvi dəstək göstərən ölkə oldu. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bəyanatla çıxış etmiş və sonra dəfələrlə Azərbaycanı dəstəkləyən bəyanatlar vermişdir. Təəccüblü deyil ki, indi Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayır. Artıq Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz. Sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır.
Görüşdə cənab Prezident İlham Əliyev müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayının 200 nəfərdən çox olduğunu bildirdi. Mina xəritələrinin Azərbaycana təqdim edilməməsi beynəlxalq humanitar hüququnun pozulması deməkdir. Təqdim olunmuş xəritənin dəqiqliyi isə 25 faiz təşkil edir. Lakin bu problemlərə rəğmən Qarabağ və Şərgi Zəngəzurda sürətli tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Artıq Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanıb, digər şəhərlərinki də yaxın vaxtlarda təsdiqlənəcək. Hər şey plan üzrə yerinə yetiriləcəyi Qarabağ və Şərqi Zəngəzur “Yaşıl enerji” prinsipi əsas götürüləcək və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyası tətbiq ediləcək. İşğal dövründə də qaçqınlar üçün Bakıda, Sumqayıtda, Gəncədə və bir çox şəhərlərdə fəal şəkildə evlər tikilirdi. Hər il təxminən 5-6 min ailə, təqribən 30 min insan yerləşdirilib ki, onların təqribən 70 faizi normal yaşayır.
İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 1700-dən çox həlak olmuş erməni hərbi qulluqçusunun tapılaraq qaytarıldığını bildirən cənab Prezident İlham Əliyev birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşağın indiyədək itkin olduğunu kütləvi informasiya vasitələri rəhbərlərinin diqqətinə çatdırmışdır. Ancaq Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciətə baxmayaraq hələ cavab yoxdur. Bu məzarlıqlar ermənilərin hərbi cinayətlərin sübutları olacaq.
Pandemiya dövründə Azərbaycanda həyata keçirilən tədbirlərdən danışarkən cənab Prezident İlham Əliyev ölkədə vaksinasiyaya 2021-ci il yanvarın 18-də başlandığını bildirdi. Ölkəyə ilk olaraq Çin, növbəti mərhələdə Rusiya vaksinləri, COVAX layihəsi xətti ilə Avropa vaksinləri alınaraq gətirildi. Bununla da vaksinləri seçmək imkanı yarandı. Bu günə qədər yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Bütün bunlarla yanaşı Azərbaycan beynəlxalq səviyyədə həm kömək edən, həm də “vaksin millətçiliyi”nə qarşı çox fəal çıxış edən azsaylı ölkələrdəndir. İnkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə onlarca dəfə aşağıdır. Üstəlik, inkişaf etmiş bəzi ölkələr, xüsusən ilk dövrdə, bu vaksinlərin çatışmadığı, onları əldə etməyin çox çətin olduğu dövrdə onları külli miqdarda alıblar və almaqda davam edirlər. İnkişaf etməkdə olan ölkələrə kömək göstərmək üçün Azərbaycan başçılıq etdiyi Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilmişdir. Qoşulmama Hərəkatının adından Azərbaycanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının xüsusi sessiyası da təşkil olunmuşdur. Azərbaycan təqribən 80 ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib. Ümumdünya Səhiyyə Təşkilatına ilk növbədə, Qoşulmama Hərəkatının üzvü olan ölkələrdə vaksinasiya üçün Azərbaycan 10 milyon dollar könüllü ianə ayırıb və ÜST özünün açıq çıxışlarında Azərbaycanı həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi qiymətləndirib.