Xəbərlər
O gün uzaqda deyil
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Bəşəriyyət bu vaxta qədər çox sayda genişmiqyaslı qanlı cinayətlərə şahidlik edib. Etnik təmizləmə, soyqırım, kütləvi qətllər, terrorizm və digərləri insanlığa qarşı yönəlmiş vandalizm aktları sırasında yer alır. Təəssüflər olsun ki, Azərbaycan xalqı da dünyanın gözü önündə belə vəhşiliklərə məruz qalıb. Bunlardan biri də 30 il əvvəl törədilmiş Xocalı soyqırımıdır.
Milli-etnik zəmində soyqırım aktı
Xocalı faciəsi, şübhəsiz ki, XX əsrin ən dəhşətli qətliamlarından biridir. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Xocalı şəhərinin sakinlərinin vəhşicəsinə qətlə yetirilməsi erməni terrorizminin daha bir nümunəsidir. Təsadüfi deyil ki, Xocalı faciəsi “bəşəriyyətə qarşı qanlı cinayət aktı – soyqırımı” adlandırılır. Tam doğru yanaşmadır. Əvvəla, tarixi faktlar sübut edir ki, Xocalı faciəsi dinc əhalinin kütləvi qətliamı kimi tarixə düşmüş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə eyni sırada yer alır. Digər tərəfdən, qətliam zamanı qadın, uşaq və qocalar xüsusi qəddarlıqla öldürülüb, əsir və girov götürülmüş insanlar amansız işgəncələrə məruz qalıb, 8 ailə tamamilə məhv edilib. Bu, milli-etnik zəmində genosid aktıdır.
Unutmadıq, unutdurmarıq!
Xocalı faciəsi qan yaddaşımızdır. Yəni milli-tarixi yaddaşımızın bir hissəsidir və onu unutmaq olmaz. Unutmuruq, unutdurmarıq! Azərbaycan dövləti bu faciə və bütövlükdə erməni terrorizmi, barbarizmi ilə əlaqədar beynəlxalq miqyasda sistemli iş aparır – reallıqlar və faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
İlk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilən Xocalı soyqırımının tanıdılması ilə əlaqədar hər il respublika miqyasında, eləcə də xarici ölkələrdə tədbirlər keçirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması erməni vandalizminin və yalanlarının ifşası baxımından olduqca önəmlidir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bütövlükdə müsbət nəticələr verir. Görülən işlərin nəticəsi olaraq bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırım aktı olduğu təsdiq edilib. Bəzi ölkələrin, o cümlədən ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.
Qisas qiyamətə qalmadı!
Şübhəsiz ki, Azərbaycan Xocalı soyqırımını törətmiş cinayətkarların – faciənin sifarişçiləri və icraçılarının ədalət mühakiməsinə cəlb edilməsinə nail olacaq. 44 günlük Vətən müharibəsində Azərbaycan işğalçı və terrorçuları döyüş meydanında layiqincə cəzalandırdı, ordumuz tərəfindən məhv edilən terrorçular sırasında bu soyqırımının icraçıları da var idi. Bir sözlə, Xocalı soyqırımı qurbanlarının qanı yerdə, qisas isə qiyamətə qalmadı. Əli Azərbaycan xalqının qanına batmış digər qatillər və canilər də qanun qarşısında cavab verəcəklər və layiqli cəzalarını alacaqlar. O gün uzaqda deyil!