Xəbərlər
YAP Qazax rayon təşkilatında Xocalı soyqırımının 30-cu və Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında Xocalı soyqırımının 30-cu və Bağanıs Ayrım qətliamının 32-ci ildönümünə həsr olunmuş “Qisas qiyamətə qalmadı!” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, icra aparatının məsul işçiləri, YAP Qazax rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, Bağanıs Ayrım kənd ağsaqqalları, şəhid ailələri, Vətən müharibəsi qaziləri, Uşaq Gənclər-İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak ediblər.
Tədbirin moderatoru YAP Qazax rayon təşkilatının məsul əməkdaşı Polad Ağakişiyev tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, görüşün məqsəd və əhəmiyyətindən danışıb.
Sonra Prezident İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü haqqında imzaladığı 28 yanvar 2022-ci il tarixli Sərəncamı oxunub.
Xocalı soyqırımına həsr olunmuş filmin nümayişindən sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı və qurucusu, müstəqil Azərbaycanımızın memarı olan ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, Xocalı soyqırımı və Bağanıs Ayrım faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xocalı soyqırımı və Qazax rayonunun Bağanıs Ayrım kəndində törədilən qətliam haqqında fikirlərini bölüşüb. Qeyd edib ki, Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilmiş, öz torpaqlarından didərgin salınmışdır. Cəzasızlıq mühitindən daha da azğınlaşan erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrində törətmiş olduğu qətliamlardan ən dəhşətlisi Xocalı şəhərində baş vermişdir. Xocalı soyqırımını və Bağanıs Ayrım qətliamını xalqımız heç zaman unutmayacaq.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev bildirib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilən soyqırımı aktından danışıb. Qeyd edib ki, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasəti nəticəsində bir sıra beynəlxalq sənədlərin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını tələbləri kobud şəkildə pozulmuşdur: “Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırımlar, faciələr, qətliamlar təkcə Xocalı soyqırımı ilə məhdudlaşmır. 1990-cı ilin mart ayının 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndi də terrorçu dəstələrinin hücumuna məruz qaldı. Kəndin günahsız mülki əhalisinə qarşı görünməmiş vəhşiliklər həyata keçirildi. Lakin 2020-ci il Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində Xocalı faciəsinin qurbanlarının, eləcə də digər faciə və soyqırımı qurbanlarının, həmçinin ərazi bütövlüyümüzün təmin olunmasında torpaqlarımızın işğaldan azad edilməsində canından keçmiş bütün şəhidlərimizin qisası alındı”.
Anım tədbirində Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Alıyev, Bağanıs Ayrım qətliamının canlı şahidi Qələndər Adıgözəlov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, partiya fəalı Tərlan Bədəlova da ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrdən bəhs ediblər.
Sonda Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin Dərnək üzvləri ədəbi kompozisiya nümayiş etdiriblər