Xəbərlər
Kamaləddin Qafarov: Xocalı soyqırımı XX əsrin dəhşətli faciəsidir
“Xocalı faciəsi bəşər tarixində insanlıq əleyhinə törədilən ən amansız soyqırımlarından biridir. Ötən iki əsr ərzində ermənilər Azərbaycana qarşı irəli sürdükləri əsassız ərazi iddiaları zəminində davamlı olaraq xalqımıza qarşı ağır və kütləvi cinayət əməlləri törədiblər. XX əsrin sonunda törədilmiş Xocalı qətliamı sadəcə Azərbaycan xalqına deyil, bütün Türk dünyasına, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur”. Bu sözləri Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətinin açıqlanması, beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlərin görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, erməni təcavüzkarları tərəfindən törədilmiş qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.
Ümummilli Liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncama əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1992-ci il fevralın 26-da Xocalıda qalan 3 minə yaxın insandan 613 nəfəri, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə ödürüldü, 1000 nəfər insan aldığı güllə yarasından əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan bu təxribat və vəhşiliklərə birdəfəlik son qoymaq və öz torpaqlarını işğaldan azad etmək məqsədilə hərbi əməliyyatlara başladı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək cəmi 44 gün davam edən döyüşlərdə düşmənin 5 ilə işğal etdiyi və 30 ilə yaxın müddət ərzində möhkəmləndiyi torpaqlarımızı geri qaytardı. İkinci Qarabağ müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Bu qələbə ilə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu Qələbə ilə Azərbaycan həm də bütün Cənubi Qafqaz regionu ölkələrini və xalqlarını erməni faşizmi kimi böyük bir bəladan qurtardı. Artıq erməni qəsbkarları bu müharibənin nəticələrindən ibrət götürməli və bundan sonra nə əllərini, nə də gözlərini özgəsinin torpaqlarına tərəf yönəltməməli və öz terrorçu əməllərindən birdəfəlik əl çəkməlidirlər.
Bu gün Xocalı qətliamının dünyanın bir çox ölkələrində tanınması Azərbaycan diplomatiyasının, şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri nəticəsində mümkün olmuşdur.
Deputat deyib: ”Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılması və günahkarların layiqli cəzalandırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hücum diplomatiyası və tarixi siyasət öz nəticələrini verir. Məhz bu siyasətin nəticəsidir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Hər il dünyada Xocalı faciəsinin ildönümündə bu qətliamın qurbanlarının xatirəsi anılan ölkələrin sayı artır. Lakin bu gün bizim bütün bəşəriyyət qarşısında borcumuz ondan ibarətdir ki, ermənilərin Xocalıda və ümumilikdə 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları bütün ərazilərimizdə törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqda davam edək. Biz bundan sonra da bu istiqamətdə səylərimizi daha da gücləndirməliyik”.