Xəbərlər
Yevlaxda şəhidlərin xatirəsinə ucaldılmış Abidə-Kompleksində yenidənqurma işləri başa çatdırılıb.
YAP Yevlax rayon təşkilatının təşəbbüsü ilə torpaqlarımızın işğaldan azad olunması uğrundakı döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsinə rayonun Malbinəsi kəndində ucaldılmış Abidə-Kompleksinin yenidənqurma işləri başa çatdırılıb.
Bu münasibətlə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulduğunu qeyd edərək bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində düşmənin “məğlubedilməzlik” mifini darmadağın edərək möhtəşəm Qələbə qazanıb. Müstəqil dövlətimizin tarixinə qızıl hərflərlə həkk olunmuş bu Şanlı Qələbə soydaşlarımızın çoxillik Vətən həsrətinə son qoymaqla yanaşı ölkəmizin regionda qüdrətli bir dövlət olduğunu sübuta yetirdi.
Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhid ailələrinin nümayəndələri və kənd sakinləri çıxışlarında Prezident İlham Əliyevin diplomatiyada, siyasətdə və hərbi strategiyada olan misilsiz fəaliyyətindən və cəmi 44 gün ərzində 30 illik Vətən həsrətinə son qoyan Azərbaycan əsgərlərinin şücaətindən danışıblar.
Sonda şəhidlərin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.