Xəbərlər
YAP Ucar rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə “Xocalı soyqırımı-qan yaddaşımız” adlı konfrans keçirilib.
Əvvəlcə Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib.
Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görə seçilir. Təkcə bir gecədə Xocalı şəhərinin yerlə-yeksan edilməsi, qadın, uşaq və qoca demədən 613 günahsız insanın məhz azərbaycanlı olduqlarına görə qətlə yetirilməsi bu qətliamın soyqırımı olduğunu təsdiqləyir.
Ucar şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov, Ucar Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, xocalılı Əhməd Bayramov da çıxışlarında Xocalı faciəsinin dəhşətlərindən danışıblar. Qeyd olunub ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Məhz həmin dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımın bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırılıb, bununla əlaqədar onlara müraciət edilib. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başlayıb.
Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur.
Milli Məclisin deputatı Ramil Həsən Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşına yazıldığını söyləyib. “Xocalı faciəsinə soyqırımı ona görə deyilir ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq sənədlərində də qeyd edildiyi kimi, bu, insanlıq əleyhinə düşünülmüş şəkildə törədilən faciədir. Biz qonşu dövlət ilə münasibətimizi normal saxlayaq, amma yaddan çıxarmayaq ki, hər zaman bizim qanımıza susamağa hazır olan bir millət ilə qonşuyuq və qonşu olmağa məhkumuq. Azərbaycan ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dəmir yumruqla bu şovinizmin, erməni vandalizminin başını hər zaman əzməyə qadirdir. Xocalı faciəsinin bir daha yaşanmaması üçün həmrəyliyimizi, birlik və bərabərliyimizi daim uca tutmalıyıq”.