Xəbərlər
Malik Həsənov: Mehriban xanım Əliyeva zəngin təcrübəsi ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açdı
“Müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycan daim özünü dünyaya yeniliklərə imza atan, dövrün, zamanın çağırışlarını yüksək səviyyədə cavablandıran ölkə kimi təqdim edir. Bu uğurların təməlində düşünülmüş və məqsədyönlü siyasət, təkmil islahatlar dayanır. Təbii ki, həyat dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Davamlı islahatların həyata keçirilməsi zərurətə çevrilir. Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşmasında da dövrün, zamanın tələblərinə uyğun apardığı islahatlar əsas rol oynayır. Ölkəmizdə Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addımlardandır. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradıldı və dövlət başçısının 21 fevral 2017-ci il tarixli Sərəncamı əsasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin olundu. Təhlükəsizlik Şurasının iclasında ölkə Prezidenti İlham Əliyev belə bir mühüm qərarın qəbul olunmasında Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin və uğurlu nəticələrinin əhəmiyyətli rol oynadığını bildirdi”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, Mehriban xanım Əliyeva bütün fəaliyyəti boyu dövlətin və xalqın maraqlarını üstün tutmuş, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat amalına çevirmiş, Birinci vitse-prezident vəzifəsində də üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirərək xalqın rəğbətini və etimadını qazanıb: “Onun çoxşaxəli fəaliyyətinə hansı sahədən baxsaq əsl vətəndaşlıq nümunəsini görərik. “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır” söyləyən Mehriban xanım Əliyevanın təkcə son illər dünyanı cənginə almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsinə verdiyi töhfələrə, xalqa dəfələrlə müraciətlərində yer alan çağırışlarına, həmçinin tarixi Zəfərimizə yol açan 44 günlük Vətən müharibəsinin ilk günlərində ifadə etdiyi “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusuna diqqət yetirmək kifayətdir ki, onun dövlətinə, xalqına necə bağlı olduğunu görək. Pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva iki dəfə xalqa müraciət edərək hər kəsi “gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı və bu əminliyi ifadə etdi ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Qarabağımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, qüdrəti və xalqımızın birliyi sayəsində azadlığına qovuşdu. Bu gün Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində yaxından iştirak edir. Tarixi və dini abidələrimiz Fond tərəfindən bərpa edilir”.
Deputat bu məqamı da xüsusi qeyd edib ki, Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, qayğıya ehtiyacı olan uşaqları sevindirməyə, təhsilimizin, səhiyyəmizin inkişafına, həqiqətlərimizin, zəngin tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə xidmət edən layihələrin reallaşdırılmasına böyük səylər göstərir: “Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini də məhz məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir. Soydaşlarımızla hər görüşdə bu inam ifadə edilirdi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində tezliklə münaqişə həll olunacaq, dogma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş vətəndaşlarımız bu torpaqlara qayıdacaq və yeni həyat başlayacaq. Bu gün böyük qürur hissi ilə Böyük Qayıdışa hazırlıqdan bəhs edirik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə son bir ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizə səfərləri Azərbaycanın tarixi Qələbəsinin dünyaya təqdimatı, eyni zamanda, Böyük Qayıdışın daha da yaxınlaşmasıdır”.
“Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin uğurlarından günlərlə, aylarla bəhs etmək olar” söyləyən Malik Həsənov vurğulayıb ki, istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə fəaliyyətinə verilən yüksək dəyər bütün sahələrdə gördüyü işlərin, göstərdiyi xidmətlərin aydın ifadəsini yaradır: “Mehriban xanım Əliyeva Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Xarici ölkələrin ali dövlət mükafatları saysız-hesabsızdır. Təltiflərin hər birinin arxasında həyat devizinə çevirdiyi prinsiplər dayanır - prinsipiallıq, xeyirxahlıq, mərhəmət, dövlətinə və xalqına bağlılıq, insanlara sevgi. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açdı, idarəetmədə qadınların rolunu artırdı”.