YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda vitse-prezidentlik institutunun inkişafı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır

Elşad Mirbəşir oğlu

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

2016-cı il 26 sentyabr tarixində ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavə və dəyişikliklər edilmişdir. Konstitusiyaya edilmiş dəyişikliklər bir sıra innovasiyaları şərtləndirdi. Bunlardan biri də vitse-prezidentlik institutunun təsis edilməsi oldu. vitse-prezidentlik institutunun təsis edilməsi dövlət idarəçiliyinin daha səmərəli və çevik mexanizmlərinin formalaşdırılması zərurətindən irəli gəlirdi. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, vitse-prezidentlik institutu beynəlxalq təcrübədə operativ və səmərəli idarəetmənin təmin olunması mexanizmi kimi özünü artıq təsdiq edib. Müvafiq olaraq Azərbaycanda da vitse-prezidentlik institutunun təsis edilməsi ilə dövlət idarəçiliyinin optimal fəaliyyət göstərməsi, yeni dövrün çağırışlarına cavab verməsi və yeni milli prioritetlərə çatılması üçün şərait yaratmış oldu. Nəzərə almaq lazımdır ki, hazırkı mərhələdə Azərbaycan Respublikası həm də mühüm qlobal proseslərin fəal iştirakçılarındandır. Yeni idarəetmə institutunun yaradılması beynəlxalq müstəvilərdə milli maraqlarımızın və mövqelərimizin müdafiə olunması üçün də yeni imkanlar açmış oldu. Dünyanın siyasi reallıqlarının dəyişmə sürətinə uyğun olaraq, iqtisadi reallıqları da dəyişir. Dövrün tələblərinə uyğun yeni iqtisadi layihələrin həyata keçirilməsi dövlət idarəçiliyi sahəsində daha çevik qərarların qəbul olunması və onların keyfiyyətli icrası vitse-prezidentlik institutunun verdiyi mühüm töhvələrdəndir.

2017-ci il 21 fevral tarixində Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev Təhlükəsizlik şurasının iclasında Mehriban xanım Əliyevanın bu mühüm dövlət vəzifəsinə təyin olunmasına münasibət bildirərək demişdir: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır. O, ümumilikdə çoxistiqamətli və uğurlu fəaliyyət həyata keçirir. Onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması haqqında qərar verən zaman mən məhz bu amilləri rəhbər tutmuşam”. Azərbaycan Respublikasında vitse-prezidentlik institutunun formalaşmasında və inkişaf etməsində Mehriban xanım Əliyevanın həlledici rolu danılmazdır. Vitse-prezidentlik institutunun təsis edildiyi vaxtdan keçən zaman göstərdi ki, həqiqətən bu institut ölkənin inkişafında nəzərəçarpacaq rol oynadı, qarşıya qoyulmuş yeni vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi təkan oldu. Sosial, mədəni və digər sahələrdə mühüm layihələrin uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın birbaşa ciddi töhvələri olmuşdur. Ayrıca olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanda birinci xanım institutunun formalaşması da Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Ümumiyyətlə, Mehriban xanım Əliyeva ölkədə bir çox sahələrdə mühüm yeniliklərin müəllifidir. Xüsusilə də, ölkənin Birinci vitse-prezidenti kimi dövlət idarəçiliyində çevikliyin təmin olunması istiqamətində təsirli addımlar atdı. Bu zaman beynəlxalq təcrübəyə istinad edilməsi daha səmərəli nəticələri şərtləndirmişdir. Azərbaycan mədəniyyətinin dünyada daha yaxından tanıdılması, hazırkı mərhələdə çox mühüm əhəmiyyət kəsb edən ekoloji problemlərin həlli istiqamətində təşəbbüslərin irəli sürülməsi, əhalinin sağlamlığının təmin olunması istiqamətində ardıcıl layihələrin həyata keçirilməsi, ən başlıcası isə, işğaldan azad edilmiş torpaqlarımızda tikinti-quruculuq prosesinə yaxından diqqət yetirməsi və s. Mehriban xanım Əliyevanın dinamik, yorulmaz fəaliyyətinin göstəriciləridir. Ümumiyyətlə, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi beş illik fəaliyyəti dövründə vəzifəsinin öhdəsindən məharətlə və bacarıqla gəlmişdir.