Xəbərlər
Sevinc Fətəliyeva: Mehriban xanım Əliyeva qlobal miqyasda böyük nüfuz qazanan ictimai-siyasi xadimdir
“Bütün fəaliyyəti boyu ölkəmizin və xalqımızın maraqlarını daim üstün tutan, xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyatının normalarına çevirən Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində də Azərbaycana layiqincə xidmət edərək üzərinə düşən vəzifənin öhdəsindən uğurla gəlir. Dövlətimizin milli maraqlarına, müasir dünyanın reallıqlarına, çağırışlarına uyğun mövqe və siyasət Azərbaycanın müstəqil dövlət kimi dayanıqlı inkişafını təmin edən əsas amildir. Bu baxımdan, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətimizin milli maraqlarına və xalqın mənafeyinə xidmət edən çoxşaxəli fəaliyyəti xüsusilə qeyd edilməlidir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın həyat və fəaliyyətini izlədikdə məhz bu məqam diqqəti xüsusi cəlb edir ki, o, Azərbaycan cəmiyyətində insanlara yaxınlığı və insanların ona hədsiz rəğbəti ilə seçilir. S.Fətəliyevanın sözlərinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdə olur: “Belə görüşlər, müzakirələr çox səmimi ortamda keçir. Elə Mehriban xanım Əliyevanın fəaliyyətinin, təşəbbüslərinin mənbəyində də cəmiyyətdən, əhalinin müxtəlif təbəqələrindən gələn sosial sifarişlər dayanır. Onun özü dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır”.
Deputat həmçinin qeyd edib ki, Mehriban xanım Əliyeva qlobal miqyasda böyük nüfuz qazanan ictimai-siyasi xadimdir: “Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, məşhur siyasətçilər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərdə ona dərin hörmətlərini ifadə edirlər. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycanın Birinci vitse-prezidenti daim ölkəmizin qlobal əməkdaşlığın dərinləşməsində rolunu artırmağa, eləcə də xalqımızın zəngin ənənələrinə əsaslanaraq dünyada tolerantlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır. Bütövlükdə, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, fəal ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür”.
S.Fətəliyeva onu da deyib ki, Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, görkəmli elm və incəsənət xadimlərimizin tanıdılması məqsədinə xidmət edən fəaliyyətinin əhatə dairəsi kifayət qədər genişdir. Onun sözlərinə görə, ölkəmizin və zəngin mədəniyyətimizin təbliğində UNESKO platformasından geniş istifadə olunması təqdirəlayiq haldır: “UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mədəniyyət, təhsil və idman sahələrində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyeva təşkil etdiyi müxtəlif səpkili tədbirlər vasitəsilə ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğinin, onun mühafizəsinin təmin olunması, gələcək nəsillərə çatdırılması sahəsində böyük xidmətlər göstərir. Onun zəngin mədəniyyətimizin qorunub saxlanılması və təbliği sahəsində çoxşaxəli fəaliyyəti beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ayrı-ayrı Avropa ölkələrində, həmçinin İslam coğrafiyasında beynəlxalq əhəmiyyət daşıyan bir sıra abidələr bərpa edilərək onlara ikinci həyat verilib”.
“Xüsusilə qeyd etməliyik ki, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Mehriban xanım Əliyevanın müxtəlif vəzifə və statuslarda bu zamana qədərki fəaliyyəti - Azərbaycan naminə gördüyü genişmiqyaslı işlər cəmiyyətdə ona böyük inam və rəğbət yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Mehriban xanım öz töhfələrini verir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmin ərazilərdə dini, mədəni və tarixi abidələrimizin bərpası ilə məşğuldur. Bütövlükdə, bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini olduqca yüksək dəyərləndirir”, - deyə deputat vurğulayıb.