YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Aqiyə Naxçıvanlı: Turizmi inkişaf etdirmək istəyiriksə öncə bu sahədə çalışan sahibkarlara dəstək olmalıyıq!

“Turizmi inkişaf etdirmək istəyiriksə öncə bu sahədə çalışan sahibkarlara dəstək olmalıyıq”. Bu sözləri 117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı seçicilərlə növbəti görüşündə deyib.

Deputatla görüşə gələn Çingiz Daşdəmirov turizm sahəsində kiçik sahibkar kimi 2014-cü ildən fəaliyyətə başladığını bildirib. O, bu işə kənd bələdiyyəsi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayaraq başlayıb. Öz hesabına ərazidə abadlaşma işləri aparıb, su çəkib, ağaclara qulluq edib, əyləncə və istirahət məqsədi ilə kiçik attraksionlar qurub, icarə haqqını vaxtlı-vaxtında ödəyib. Oğuza gələn turistlərə xidmət sahəsində xeyli işlər görüb. Lakin son illər dəfələrlə müraciət etməsinə baxmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq icarə müqaviləsinin yenidən bağlanılmasına nail ola bilmədiyini söyləyib. Xahişi isə bu işdə ona deputat tərəfindən köməklik göstərilməsi olub. Aqiyə Naxçıvanlı Oğuzun turizm potensialının hətta ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirdiyini qeyd edərək bu sahədə çalışan sahibkarlara bütün dövlət qurumlarının dəstək verməsini vacib saydığını bildirib. Deputat vətəndaşın müraciətini nəzarətə götürərək səsini aidiyyəti orqanlara çatdıracağına söz verib.

Seçici Cumar Qafarov deputata hər gəlişində ağsaqqalları səmimi qəbul etdiyi, onlara diqqət göstərdiyi üçün minnətdarlığını bildirib. Ölkə Prezidenti cənab İlham Əliyevin pensiyaçılara dəstəyindən danışaraq həm inflyasiya faizinə uyğun artımın, həm də əlavə olaraq illik müavinətin təyin edilməsinin əmək pensiyaçılarının sosial rifahına çox müsbət təsir göstərdiyini söyləyib. Pensiyaçılara xüsusi önəm verdiyinə görə ölkə Prezidentinə onun təşəkkürlərini çatdırmağı xahiş edib. Aqiyə Naxçıvanlı cənab Prezidentin hər sərəncamının əhalinin rifah halının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə hesablandığını bildirib.

Rayon ağsaqqalı İzzət Seyidov Oğuzda pandemik vəziyyətdən söhbət açaraq, ölkəmizdə vaksinasiyanın uğurla aparılmasına dövlət başçısı tərəfindən xüsusi diqqət göstərildiyini, bunun da sayəsində əhali arasında ağırlaşma hallarının ciddi şəkildə azalmasından danışıb. O, deputatın Oğuza gələn kimi “Ailə-Sağlamlıq Mərkəzi”nə gedərək vaksinasiyanın gedişatı və təchizatla maraqlanmasını məsələyə nə qədər ciddi yanaşıldığının göstəricisi kimi qəbul etdiyini bildirib. Vaksinasiyanın daha uğurla aparılması üçün təkliflərini səsləndirib. Deputat Aqiyə Naxçıvanlı bu qayğı və diqqətin ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən hər bir Azərbaycan vətəndaşına göstərildiyini, xüsusən də pandemiya şəraitində ölkədə aparılan işlərin, görülən tədbirlərin məhz Azərbaycan vətəndaşına olan qayğının təzahürü olduğunu qeyd edib.

Qəbula gələn seçıcı Hafiz Hafizov hal-hazırda işsiz olduğunu və ona bacarığına uyğun iş tapılması üçün köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti qeydə alınaraq, işlə təmin olunması üçün Ərazi Məşğulluq idarəsinə göndərilməsi qərara alınıb.

Oğuz şəhərinin Gənclik massivində yaşayan seçici Malik Məmmədov 6 ildir həmin ərazidə yaşadığını, işıq, qaz, su, kanalizasiya kimi bütün kommunal xidmətlərlə təmin olunduğunu, lakin təkcə rabitə xidmətinin olmadığından gileylənib. Deputat Aqiyə Naxçıvanlı məsələ ilə bağlı aidiyyəti quruma müraciət ünvanlanacağını bildirib.

Qəbula gələn digər seçicilər də onları qəbul etdiyi üçün deputata öz təşəkkürlərini bildirdirərək problem və xahişlərini çatdırıblar. Aqiyə Naxçıvanlı onların hər birini səmimiyyətlə dinləyərək səsləndirilən müraciətləri qeydiyyata alıb. Bəzi müraciətlər yerindəcə həll edilib, digərlərinin həlli ilə bağlı qısa müddətdə müvafiq icraat aparılacağı bildirilib.