YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leonid Slutski: Mən fəxr edirəm ki, Azərbaycan xalqının sadiq dostu olmuşam, indi də dostuyam və həmişə dostu olaraq qalacağam

Mən fəxr edirəm ki, Azərbaycan xalqının sadiq dostu olmuşam, indi də dostuyam və bundan sonra da dostu olacağam.

Bu fikri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsinin sədri Leonid Slutski martın 31-də Azərbaycanın Rusiyadakı səfirliyində keçirdiyi mətbuat konfransında bildirib. O deyib: “Dumanın MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsi martın 28-29-da Yerevanda səfərdə olub. Ermənistan parlamenti ilə Dövlət Dumasının birgə komissiyasının iclası keçirildi. İclasdan sonra mənə məlum oldu ki, erməni mətbuatında mənim adımdan bir sıra antiazərbaycan yönümlü məlumatlar yayılıb. Guya mən Azərbaycanda həyati vacib məsələləri müzakirə etmişəm, Azərbaycanın Ermənistana qarşı sürətlə silahlanmasına etiraz etmişəm. Mənim adımdan Ramil Səfərovun ünvanına, rəsmi Bakı və Ankaranın siyasəti əleyhinə fikirlər yazılıb. Bunlar tamamilə böhtandır”.

Deputat Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Cənubi Qafqazdakı vəziyyətin çox incə və həssas məsələ olduğunu söyləyib. “Mən həmişə Azərbaycanın sadiq dostu olmuşam, indi də dostuyam, belə də qalacağam. Məni bir çox Azərbaycan siyasətçiləri, mədəniyyət və ictimai xadimləri ilə dostluq əlaqələri birləşdirir. Fəxr edirəm ki, onlarla dostam. Deməliyəm ki, belə təhrif və açıq fantaziyalar mənim Azərbaycandakı imicimə ciddi mənfi təsir göstərir. Bununla əlaqədar, mən Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyasını da anlayıram”.

Deputat qeyd edib ki, Rusiyada bəzi siyasətçilər Azərbaycanın real dostu olduqlarını sübut ediblər. O əmin olduğunu bildirib ki, belə siyasətçilərin sayı yaxın vaxtlarda daha da artacaq. “Bizim ölkələrimizi sıx əlaqələr bağlayır və bu əlaqələr ildən-ilə möhkəmlənir”, - deyə L.Slutski əlavə edib.