YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyeva bəşəri idealların təntənəsinə xidmət edir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsindən 5 il ötür. Bu illər ərzində siyasi islahatların tərkib hissəsi olan Birinci vitse-prezidentlik institutunun təsis olunması idarəetmənin səmərəlilik və çevikliyini artırdı. Son 5 ilin reallıqları Mehriban Əliyevanın özünün yeni missiyasını layiqincə yerinə yetirdiyini, öz fəaliyyəti ilə ölkə Başçısının siyasi kursunun uğurla reallaşmasında fəal iştirak etdiyini göstərdi. 2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti kimi ilk çıxışı zamanı qeyd edir: “Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

5 il əvvəl Mehriban xanım Əliyevanın söylədiyi bu fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin bu gün şahidiyik. Azərbaycanın inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya, yeni öhdəliklər götürən Mehriban xanım Əliyeva bu yüksək və məsul vəzifədə gördüyü işlərlə dövlət başçısı İlham Əliyevin, xalqımızın etimadını layiqincə doğrultmaqdadır. Verdiyi vədinə əməl edən, xalqına sədaqətlə xidmət edən, doğma Azərbaycanı, müdrik xalqını hədsiz dərəcədə sevən Mehriban xanım Əliyeva mərdlik, sədaqət, ucalıq mücəssəməsi Azərbaycan qadınının obrazını ləyaqətlə təmsil edərək bəşəri idealların təntənəsinə xidmət edir.

Ən başlıcası isə, müasir Azərbaycan tarixində zəngin təcrübəsi, böyük humanizmi, xeyirxahlığı, nəcibliyi ilə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır. Mehriban xanım dünya qadın hərəkatında nadir şəxsiyyətlərdəndir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Məsuliyyətli missiyasını böyük əzmkarlıqla öz üzərinə götürmüş Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır. Həyatının mənasını Vətəninə və xalqına xidmətdə görən ölkənin birinci xanımının təşəbbüsü ilə həyata keçirilən layihələr təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir. Mehriban xanım Əliyeva özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açıb. O, UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Azərbaycan mədəniyyətini bütün dünyada tanınmasına nail olub. Mehriban xanım Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı Azərbaycan qadınının modern tələblərə uyğun obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilib.

Mehriban xanım Əliyevanın beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil etməsi, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırması, təltif olunduğu beynəlxalq mükafatlar Azərbaycan qadınının dünyadakı böyük nüfuzunun daha bir təsdiqidir. Mehriban xanım Əliyevanın fəaliyyəti ölkənin “Yumşaq güc” siyasətinin təcəssümüdür. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mühüm humanitar dəyərə malik, sivilizasiyalararası dialoqu təşviq edən layihələri dünyada Azərbaycanın təbliğinə xidmət edir. Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada məktəblər yenidən qurulub, Vatikanda katakombalar, Strasburqda kafedral kilsə bərpa edilib. Eyni zamanda, Pakistanda qızlar üçün məktəb tikilib, xeyriyyə tədbirləri həyata keçirilib. Versal sarayının bir hissəsinin, Luvr muzeyinin qalereyasının birinin bərpası, Rusiyada Knyaz Vladimirə abidənin ucaldılması, Həştərxanda Azərbaycan-Rusiya körpüsünün inşası, əslində Azərbaycanın zəngin ənənələrinin təbliğinə ən böyük töhfədir.

Mehriban xanım Əliyevanın ölkə Prezidenti cənab İlham Əliyevlə regionlara səfər edərkən vətəndaşlara göstərdiyi diqqət, qayğı, onlara müraciət edən hər kəslə çox mehriban davranmağı, xüsusən yaşlılara, körpələrə olan münasibəti xalqa olan sevginin əyani sübutudur. Valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlarla görüşlərində bu nəcib xanımın səmimiyyəti, içdən gələn rəftarı insanı heyran etməyə bilməz. Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Şağan və Saray qəsəbələrində əlil uşaqlar üçün internat evlərinin, Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin yüksək səviyyədə yenidən qurulması, internat məktəblərində yaşayan uşaqların sonrakı həyatının təhlükəsiz və sağlam təminatı üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, ölkəmizdə irsi qan xəstəliyindən əziyyət çəkən şəxslərin sağlamlığının qorunması, müalicəsi üçün Bakı şəhərində Talassemiya Mərkəzinin yaradılması və s. çoxşaxəli fəaliyyət də ölkəmizdə məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilib. Qeyd edilən müəssisələrin və mərkəzlərin açılışında iştirak edən Mehriban xanım onu əhatə edən körpələrə, uşaqlara, qayğıya ehtiyacı olan şəxslərə hər zaman ana nəvazişi ilə yanaşıb. Ölkədə Birinci vitse prezidentinin diqqət və qayğısı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sözün əsl mənasında ailə mühiti, onların maddi-rifah halının yaxşılaşdırılması üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Mehriban xanımı köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Köməyə ehtiyacı olan hər kəs Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar.

Beynəlxalq ictimaiyyət Birinci vitse-prezident Mehriban xanım Əliyevanı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir. Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülən Mehriban xanım Əliyeva uzun illər ərzində çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar ilə təltif olunub. Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de laFondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının “OlympicExcellence” xüsusi fəxri mükafatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı... Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına VelikoTırnovo Universitetinin fəxri doktoru seçilib. Bütün bunlarla yanaşı, Mehriban xanım Əliyevanın ən böyük mükafatı Azərbaycan xalqının rəğbəti, sevgisidir. Hər bir Azərbaycan qadınına nümunə olan ölkəmizin birinci xanımı sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Anar Ələkbərovun “Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsində deyildiyi kimi “O, yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, doğma Mehribanıdır”.