Xəbərlər
Mehriban xanım Əliyeva dünyada “zərif gücü”müzün, humanist yanaşmamızın təzahürüdür
Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri
Hər gün ölkəmizin mənzərəsi daha yaxşıya doğru dəyişir və biz daha böyük uğurlara imza atmağa davam edirik. Bizim inkişafımız yalnız iqtisadi göstəricilərdə, statistik rəqəmlərdə deyil, sıravi insanların konkret yaşayışında öz əksini tapır. Dövlətin vətəndaşını düşündüyü, onun qayğısına qaldığı, məsuliyyətini dərk etdiyi bir cəmiyyətdə yaşayırıq. Bütün hüquq və azadlıqlarla təmin olunan dövlətin vətəndaşları olaraq yaşamaq, tərəqqi etmək əlbəttə, qürurverici amildir. Bizlər üçün bu böyük imkanları təmin edən dövlət başçısı cənab İlham Əliyev və onun ən yaxın silahdaşı çox hörmətli Mehriban xanım Əliyevadır. Ötən illər bir daha sübut etmişdir ki, ölkənin siyasi elitasında olan həmrəylik, həmfikirlik, vahidlik və tamlıq son nəticədə böyük uğurlara gətirib çıxarmışdır.
Cənab Prezident İlham Əliyevin 18 illik fəaliyyətinin hər məqamı yüksək dövlətçilik prinsiplərinə söykənən bir idarəetmə modelinin icrasına həsr olunmuşdur. Lakin son beş ildə həyata keçirilmiş dövlət əhəmiyyətli layihələri xüsusi ilə qeyd etmək lazımdır. 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Bu hadisə yalnız dövlətimiz üçün deyil, bütün region üçün yenilik idi. Ətrafımızda və təmsil olunduğumuz bir çox əməkdaşlıq formatlarında belə bir idarəetmə üsulu olmadığından müxtəlif suallar meydana çıxsa da, bu posta Prezident İlham Əliyev tərəfindən 2017-ci il 21 fevral tarixində imzalanan sərəncama əsasən Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi təyin olunması ilə xalqın nəzərində bütün suallara cavab tapılmışdır. Onsuz da 2005-ci ildən ictimai-siyasi fəaliyyətə başlamış Mehriban xanım Əliyevaya xalqa xidmət göstərmək üçün heç bir vəzifənin lazım olmadığını bizlər dəfələrlə əyani görmüşük. Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, 2005-ci ildən 2017-ci ilə qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi onun yorulmaz fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. Lakin Mehriban xanımın ölkənin ikinci ən səlahiyyətli şəxsi kimi fəaliyyətə başlaması bir çox sahənin davamlı, dayanıqlı və müntəzəm inkişafına səbəb olmuşdur.
Təyin olunduğu ilk gün dediyi sözlər o vaxta qədərki böyük fəaliyyətinə çox təvazökar yanaşmanı özündə ehtiva edirdi. “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq” deyən Mehriban xanım həm Heydər Əliyev Fondunun Prezidenti, həm də ölkənin birinci xanımı olaraq bir çox sosial layihələrin rəhbəri kimi xalqın ümid yeri idi. Ölkə Prezidentinin ən yaxın silahdaşı kimi onun fiziki olaraq yetişə bilmədiyi bütün məqamlarda Mehriban xanım var idi və bu, dövlət başçısının belə bir mötəbər postu, vəzifəni ona həvalə etməsində böyük rol oynamışdır. Mehriban xanım varlığı ilə siyasi elitanın zirvəsində məğrur, qətiyyətli duruşu ilə yanaşı həm də mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərən zərif cinsin nümayəndəsi kimi çıxış etməkdədir.
Mehriban xanım ölkə xaricində dövlətimizin “zərif gücü”nü, “yumşaq gücü”nü, humanist yanaşmalarını təmsil edərək daxildə formalaşmış və dövlət başçısının ətrafında birləşmiş dəmir yumruğun, xalqın vahidliyinin dünyada təzahürüdür. Dövlətimizin xarici siyasətindəki əsas amil dövlətlər və xalqlar arası dostluq münasibətlərinin qurulmasından ibarətdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Ölkəmizin iqtisadi gücü artıqca həyata keçirdiyimiz layihələrin siyasi dəstək olaraq öz nəticələrini verməsində və Azərbaycanın dünyanın müxtəlif bölgələrində olan xalqlar və dövlətlər tərəfindən dəstəklənməsində Mehriban xanımın danılmaz xidmətləri vardır. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində Azərbaycan mədəniyyətlərarası dialoqun başlıca təşəbbüskarına çevrilmişdir.
Xüsusilə də çoxmillətli və çoxkonfensiyalı bir cəmiyyət olan Azərbaycanın dünyada belə bir brend formalaşdırması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləridir. Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində yeni məscidlər inşa edilmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işləri həyata keçirilmişdir. Eyni tendensiya işğaldan azad olunmuş ərazilərdə də həyata keçirilməkdədir. Şuşa, Ağdam, Hadrut və digər ərazilərdə məscidlərin bərpası Mehriban xanımın milli, mənəvi və dini dəyərlərimizə ali qayğısının ifadəsidir. Mehriban xanım Əliyeva eyni zamanda yüz illər boyu Azərbaycanda dost və qardaş kimi yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşasına da daim qayğı göstərmişdir.
Ölkəmizin son illər nüfuzunun artmasında, etibarlı tərəfdaş, peşakar təşkilatçı kimi tanınmasında Mehriban xanımın şəxsən rəhbərlik etdiyi və ölkəmizdə həyata keçirilmiş konfranslar, yarışlar, forumlar və görüşlərin də payı az deyildir. Azərbaycan dünyaya özünü qüdrətli dövlət kimi ilk dəfə bu tədbirlər sayəsində tanıtdırmışdır. Bakının ev sahibliyi etdiyi 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası, illərdir müntəzəm keçirilən Formula-1 yarışları və digər beynəlxalq tədbirlər sayəsində dünya Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının dəfələrlə şahidi olmuşdur.
Ulu öndər Heydər Əliyevin ölkəmizi və xalqımızı xilas etdiyi tarixdən dövlət idarəetməsinin təməlində milli birliyə əsaslanan, mənəvi dəyərləri yüksək tutan və əqidəli yanaşmalar dayanmaqdadır. Ümummilli Liderin siyasi xəttinə sədaqət dövlət başçısının Prezident kimi ilk bəyanatlarındandır. Belə olduğu təqdirdə onun ən yaxın silahdaşının da eyni sədaqət və məhəbbəti yaşatması çox təbii hadisədir. Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra doğma partiyamızın daxilində həyata keçirilmiş dərin islahatların fövqündə 2021-ci il 5 mart tarixində Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Bu ali təyinatın özü belə, ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqliyin, Azərbaycanda dövlət idarəetməsində qadına olan diqqəti özündə ehtiva edir. Oxucuların icazəsi ilə bir haşiyəyəçıxardım. Təmsil etdiyim YAP Suraxanı rayon təşkilatının ətrafında birləşən qadınlar, xüsusilə gənc xanımlar üçün Mehriban xanım Əliyeva əvəzsiz nümunə və hətta etalon təşkil etməkdədir. Sıralarımıza qoşulan hər bir gənc xanım öz gələcək könüllü ictimai-siyasi fəaliyyətində Mehriban xanım Əliyevanı özünə nümunə kimi qəbul edir. Bu sevindirici, qürurverici məqamı Mehriban xanımın xalqın gələcək nəsillərinin qəlbində və həyatında yerini, rolunu daha səlis ifadə etmək üçün qeyd etdim.
Mehriban xanım Əliyevanın Vətən Müharibəsində və sonrakı dövrdə dövlətin, xalqın həyatında oynadığı müstəsna rolunu qeyd etməyi özümə mənəvi borc bilirəm. Ölkəmizdə xüsusi ilə həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Şəhid ailələrinə, qazilərə öz doğma anaları, bacıları kimi davranan, onların sosial qayğıları ilə yaxından maraqlanan ölkənin birinci xanımı zamanında, yerində müdaxilələri ilə həssas təbəqədən olan insanların həyatlarını gözəlləşdirə bilmişdir. Qarabağ müharibəsi şəhidlərinin övladları, valideynləri və doğmalarına Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı olmuşdur. Bu qayğını qapısını açdığımız hər evdə, hər ocaqda hiss etmək, dövlətin diqqəti nəticəsində dövlətə sevgini, vətənə məhəbbəti görmək hər birimizdə böyük və sonsuz sevincə səbəb olmuşdur.
Sonda bir daha qeyd etmək istərdim ki, Mehriban xanımın belə bir ali vəzifəyə təyin olunması zamanın və xalqın tələbi idi. Ötən beş il müddət sübut etmişdir ki, Prezident cənab İlham Əliyevin tarixi qərarı özünün məhsuldar nəticələrini verməkdədir.