Xəbərlər
YAP Gəncə şəhər təşkilatında partiya veteranları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında partiyanın qızıl fondu hesab edilən partiya veteranları ilə görüş keçirililb.
Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev və partiya veteranları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov ulu öndər Heydər Əliyevin yadigarı olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik dövrünün şərəfli salnaməsi, xalqa, dövlətə xidmət nümunəsi olmasından danışıb. Müstəqil Azərbaycanın inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan bəhs edən Ramil Orucov Azərbaycan xalqının hakim partiyaya daim etibar etdiyini və dəstəklədiyini bildirib. R.Orucov Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərdən, son illərdə həyata keçirilən köklü islahatlardan ətraflı bəhs edib, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və atılan addımların YAP-ın cəmiyyətdəki mövqeyini daha da gücləndirdiyini deyib.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yaşlı və ahıl insanlara sosial dəstək siyasətindən danışaraq bildirib ki, bu gün Azərbaycandakı ahıllar dövlət tərəfindən hərtərəfli maddi və mənəvi dəstəklə əhatə olunurlar. Monolit birliyi, böyük sosial bazası olan partiyanın veteranları daim diqqət mərkəzində saxladığını deyən deputat onu da qeyd edib ki, partiya veteranları müxtəlif sahələrdə səmərəli və məqsədyönlü fəaliyyət göstərməklə Azərbaycanın ictimai-siyasi həyatında həmişə fəal mövqe tutublar.
Daha sonra partiya veteranları Nelya Həsənova, Mobil İmanov, Məmmədəli Balayev, Gülsüm Fətəliyeva, Rəfiqə Sadıqova, Həsənbala Sadıqov, İlham Həsənov, Xəzangül Hüseynova çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafında, dövlətin güclənməsində, xalqımızın rifah halının yüksəlməsində misilsiz xidmətlərindən danışıblar.