Xəbərlər
Azərbaycan və Ukrayna parlamentləri arasında əlaqələr daha da genişlənir
Ukrayna Ali Radasında Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri martın 30-da Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndələri ilə görüşüblər.
Milli Məclisdəki işçi qrupun rəhbəri Eldar İbrahimov Azərbaycanla Ukrayna arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə söykəndiyini söyləyib. O, ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. E.İbrahimov münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin, qarşılıqlı səfərlərin mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, Ukrayna ilə Azərbaycan strateji tərəfdaşlardır. Hər iki ölkə beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir.
Ali Radadakı işçi qrupun rəhbəri Roman Nəsirov ölkələrimiz arasındakı əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Qeyd edib ki, hər iki ölkənin qanunverici orqanları arasında qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri mövcuddur. R.Nəsirov bu səfərin əlaqələrimizin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib. O, Azərbaycanın inkişafının və əldə etdiyi uğurların Ukraynanı sevindirdiyini vurğulayıb.
Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.