Xəbərlər
Prezident İlham Əliyev: Gəncə şəhərinə diqqət həmişə yüksək səviyyədə olub
Bu, mənim Gəncəyə Prezident kimi 18-ci səfərimdir. Elə illər olub ki, iki dəfə olmuşam. Həm ona görə ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə daim diqqət həmişə yüksək səviyyədə olub. İkincisi, ona görə ki, bir çox layihələr Gəncə şəhərində icra edilib və bu layihələrin icrası davam edir.
Bu barədə Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsində bildirib.
Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyətinin öz həllini tapdığını qeyd edən dövlətimizin başçısı deyib ki, şəhərdə 10 yarımstansiya yenidən tikilib və ya əsaslı təmir edilib. Onların enerji istehsalı gücü tələbatı tam ödəyir.
“Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi hələ ki, icra edilir. Əfsuslar olsun ki, bu layihə bir qədər uzandı. Düzdür, çox genişmiqyaslı layihədir, həm də maliyyətutumlu layihədir, təqribən 800 milyon manat dəyərində olan bir layihədir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident bildirib ki, hazırda layihənin icrası 42 faiz səviyyəsindədir. Onun icrası sürətləndiriləcək və Gəncə şəhərinin bu problemi də öz həllini tapacaq.