Xəbərlər
Prezident İlham Əliyev: Gəncəyə gedən avtomobil və dəmir yolları tam müasirləşdirilib
İndi bütün ölkədə olduğu kimi, Gəncəyə gedən avtomobil yolları tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. İndi biz bu yolu iki zolaqdan dörd zolağa genişləndiririk.
Bu barədə Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibəsində infrastruktur layihələri barədə danışarkən bildirib.
Gəncə-Bakı dəmir yolu xəttinin də tam modernləşdirildiyini, xəttə dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən komfortlu sürət qatarlarının buraxıldığını diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib ki, bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Gəncə Beynəlxalq Hava Limanı da uzun illər bundan əvvəl yenidən qurulub.
“Yəni, bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib. Baxın, indi Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb”, - deyə Prezident qeyd edib.