Xəbərlər
Şahin İsmayılov: Qalib xalqın gəncləri bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşəcəklər
“Möhtərəm Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla davam etdirərək Azərbaycanı parlaq gələcəyə aparan güclü liderdir. Ümummilli Liderimizin onun haqqında dediyi tarixi kəlamı sübuta yetirərək onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri layiqincə icra edir. Ölkəmizin regionda lider dövlətə çevrilməsi, dünya ölkələri arasında böyük nüfuz qazanaraq söz sahibi olması, bütün sahələrdə inkişafın əldə edilməsi, xüsusən də, şanlı qələbəmiz bunun bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyevin siyasətini xarakterizə edən cəhətlərdən biri də cəmiyyətdəki mütərəqqi qüvvələri ümumi məqsədlərə nail olmaq üçün yönəltməsi idi. Bütün sahələri diqqətdə saxlayan Ulu Öndər hakimiyətinin hər iki dövründə Azərbaycanda gənclər siyasətinin inkişafına xüsusi diqqət göstərmişdir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.
Deputat bildirib ki, müstəqilliyimiz yenidən bərpa edildikdə ilk illərdə Ulu Öndər Heydər Əliyev Prezident seçildikdən sonra ölkəmizdə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından biri məhz “Gənclər və İdman Nazirliyi” idi. Nazirliyin yaradılması, gənclərlə mütəmadi görüşlər və bu sahədə görülən çoxsaylı əməli işlər Ümummilli Liderin gənclərə olan inamının göstəricisi idi. Ulu Öndər 1996-cı il fevralın 2-də onun təşəbbüsü ilə keçirilən Azərbaycan Gənclərinin I Forumunda çıxışı zamanı gənclərin qarşısında tarixi bir vəzifə qoyaraq demişdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Bu çağırış gəncliyimizin tarixi missiyasına çevrildi və onlar bu missiyanın öhdəsindən gələrək uğurla həyata keçirdilər.Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin əvvəllərindən bu günə qədər Gənclər sahəsini əhatə edən çox sayda normativ hüquqi aktların və görülən işlərin şahidi olmuşuq. Bütün bunlar ölkə gəncliyinin inkişafı ilə ümumilikdə Azərbaycanımızın güclü dövlətə çevrilməsinə hesablanmışdır.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Gənclər üçün çoxsaylı layihələr icra olundu. Bu layihəlırin hər birinin ana xətti isə Azərbaycançılıq idi. Ali Baş Komandan hər zaman Azərbaycan gənclərinin milli-mənəvi ruhda yetişməsinin vacibliyini qeyd edir. “Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda milli mədəniyyətimizə yaxın olmalıdırlar” deyən Prezident İlham Əliyev Azərbaycan dəyərlərinin gənclər tərəfindən mənimsənilməli olduğunu vurğulayırdı. Məhz görülən işlərin nəticəsi olaraq Azərbaycan gəncləri beynəlxalq yarışlarda qələbə qazanıb bayrağımızı qaldırdı, ölkəmizi müxtəlif tədbirlərdə layiqincə təmsil etdi, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, maarifçilik işi ilə məşğul oldu və ölkəmizin inkişafında mühüm rol oynadı. Azərbaycanda düşmənə diz çökdürən qəhrəmanlardan ibarət gənclik yetişdi. Çəkinmədən deyə bilərik ki, Azərbaycan gəncliyinin uğurları özünü bir çox sahələrdə əks etdirir. Bunlardan ən önəmlisi 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi igidlik, şücaət idi. Yaxın keçmişi nəzərdən keçirdikdə aydın şəkildə görə bilirik ki, Azərbaycan gəncliyi hansı inkişaf yolunu keçib. İllərlə gənclərin maarifləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması, elm və hərb sahəsində inkişafı öz bəhrəsini verdi.
“Cənab Prezident İlham Əliyev 2019-cu ildə gənclərlə görüşü zamanı “Gənclər, mən sizə inanıram, güvənirəm” deyə qeyd etmişdi. Biz xoşbəxt gənclərik ki, Ali Baş Komandan hər məsələdə bizə güvənir. Eyni zamanda gənc kadrlara böyük etimadın olduğunu görürük. Hər birimizin öhdəsinə düşən başlıca vəzifə odur ki, bu güvən və etimadı doğrultmaq üçün hər zaman fəaliyyətdə olmalıyıq. Hesab edirəm ki, Azərbaycanda vətən eşqi ilə böyüyən güclü gənclik yetişib və nəticə göz qabağındadır. Azərbaycanın gələcəyi gənc nəsilə bağlıdır. Müzəffər Ali Baş Komandan uğurlu gənclər siyasəti həyata keçirməklə gəncliyin inkişafına xüsusi diqqət göstərir və Azərbaycanın gələcəyini inşa edir. Qalib xalqın gəncləri bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşəcəklər.”-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.