Xəbərlər
Ağcabədidə “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirilib
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Ağcabədi rayon Bayraq muzeyində “Azərbaycan son 18 ildə” mövzusunda konfrans keçirib.
Əvvəlcə partiyanın qurucusu ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rövşən Əhmədov Prezident İlham Əliyevin seçildiyi ilk gündən ölkəmizə mühüm siyasi dividendlər gətirən siyasi xətt götürdüyünü söyləyib. Bildirib ki, ordu quruculuğunda aparılan islahatlar, Silahlı Qüvvələrin maddi-texniki təminatının gücləndirilməsi nəticəsində uzun illər işğal altında saxlanılan ərazilərimiz azad olunub. Bütün bu nailiyyətlərin möhkəmləndirilməsi cənab Prezident tərəfindən siyasi müstəvidə də uğurla davam etdirilir.
Konfransda ADPU-nun Ağcabədi filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mahir Səlimov, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ ofisinin rəhbəri Radə Qafarova, YAP Ağcabədi rayon təşkilatı “Pedaqoji kollec” ərazi partiya təşkilatının sədri Rövşən Bayramov, Ağcabədi şəhər 11 saylı orta məktəbin direktoru Lətafət Əlizadə də çıxış edərək son 18 ildə Azərbaycanın qazandığı nailiyyətlərdən danışıblar.