Xəbərlər
Sədaqət Vəliyeva: Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir
“Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Sirr deyil ki, 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atıb: “Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu və bunun nəticəsində Ağdam, Laçın və Kəlbəcər döyüş əməliyyatları aparılmadan Azərbaycana təhvil verildi. Beləliklə də, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı”.
“Prezident İlham Əliyevin qlobal informasiya məkanında Azərbaycan Ordusunun cəbhədəki uğurlarını möhkəmləndirən və Qələbənin beynəlxalq legitimliyini təmin edən titanik mübarizəsi də tarixi hadisə idi” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərib, Azərbaycana qarşı informasiya blokadasını yarıb, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verib. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı 30-dan artıq müsahibəsi XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəlib.