Xəbərlər
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bir dəfə Siz çox düzgün qeyd etmisiniz: Əgər gələcək haqqında fikirləşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu prinsipi əsas tutaraq sosial-iqtisadi inkişaf sahəsində sanballı uğurlar qazanmış, beynəlxalq miqyasda öz mənafelərini qətiyyətlə müdafiə edən güclü və nüfuzlu dövlətə çevrilmişdir.
Minsk ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla davam etməsini məmnuniyyətlə qeyd edirəm.
Əminəm ki, nəzərdə tutduğumuz irihəcmli infrastruktur layihələrinin reallaşması çoxplanlı əməkdaşlığın dərinləşməsi üçün möhkəm təməl olacaq.
Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun mənafeyinə şəxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm. Görüşlərimizi səmimiyyətlə xatırlayır, qonaqpərvər Belarus torpağında Sizi tez-tez görməyə ümid edirəm.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti vəzifənizdə həyata keçirdiyiniz quruculuq işlərində yeni uğurlar arzulayıram".