YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ucar rayonunda "Azərbaycan 18 ildə: Uğurlar və Perspektivlər" mövzusunda konfrans keçirilib

Milli Məclisin deputatı Ramil Həsən "Azərbaycan 18 ildə: Uğurlar və Perspektivlər" mövzusunda konfransda iştirak edib.  

Tədbirdən öncə Milli Məclisin deputatı Ramil Həsən Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla  Abdullayeva ilə birlikdə ümummilli lider Heydər Əliyevin Ucar şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə çiçəklər düzüb, hörmət və ehtiramla yad ediblər. Sonra Ucar rayon Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçən şəhidlərimizin məzarları ziyarət edilib, üzərlərinə çiçəklər qoyulub və dualar oxunub.

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının təşkilatçılığı ilə keçirilən "Azərbaycan 18 ildə: Uğurlar və Perspektivlər" mövzusunda konfransda rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Şəhla Abdullayeva Prezident İlham Əliyevin 18 illik fəaliyyəti, qazanılmış uğurlar və Yeni Azərbaycan Partiyasının regionun nüfuzlu partiyası olaraq  həyata keçirdiyi uğurlu siyasət haqqında  fikirlərini bildirib.

Milli Məclisin deputatı Ramil Həsən dövlət başçısı  İlham Əliyevin 18 ildə həyata keçirdiyi  islahatlardan bəhs edib. Bildirib ki, ümümmilli lider Heydər Əliyev Azərbaycanı xaosdan, qardaş qırğınından xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı: “2003-cü ildən bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, hər sahədə təkmil islahatların aparılması, gənc nəslin azərbaycançılıq ideologiyasına sadiq  yetişməsi və sair kimi biri-birindən mühüm amillər 44 günlük İkinci Qarabağ savaşında tarixi Qələbəmizi şərtləndirdi.  Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı təmin edildi, müasir və innovativ Azərbaycanın milli ordusu formalaşdırıldı və Zəfərə hazırlandı.  Vətən müharibəsi dövlətimizin qətiyyətinin, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin təqdimatı oldu.”

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı. 44 gündə 30 ilin işğalına son qoymaq böyük qətiyyətin, gücün, ədalətə, beynəlxalq hüquqa əsaslanan  siyasətin nəticəsidir. Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində üstünlüyünü nümayiş etdirdi.

R.Həsən hər bir Azərbaycan vətəndaşının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini və gələcəyə böyük inamla irəlilədiyini qeyd edib: “Cəmiyyətin avanqard qüvvəsi olan  Yeni Azərbaycan Partiyasının Azərbaycanın uğurlarında öz payı vardır. Partiya cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə hədəflərin reallığa çevrilməsinə öz töhfəsini verir.”

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov regionların inkişafından, Ucar rayonunda həyata keçirilən abadlıq və  quruculuq işlərindən geniş bəhs edib.

Konfransda çıxış edən digər natiqlər Azərbaycanın  18 ildə qazandığı uğurlarla bağlı fikirlərini bölüşüblər.