Xəbərlər
Vətən müharibəsi şəhidinin xatirəsi doğum günündə anılıb
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Azad Tahir oğlunun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və partiya nümayəndələri şəhidin II Fəxri xiyabanda məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra təşkilat üzvləri prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Ramana qəsəbəsində mənzillə təmin edilən şəhidin ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin anası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Azad Məmmədov 2020-ci il oktyabrın 14-də Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.