Xəbərlər
Oqtay Əsədov: Hökumətin hesabatının Milli Məclisdə müzakirə edilməsi qanunvericilik və icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqənin güclənməsinə imkan yaradır
«Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ötən il də uğurla həyata keçirilmişdir. Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası davam etdirilmişdir. 2014-cü ildə ümumi daxili məhsul istehsalında 2,8 faiz artım əldə edilmişdir. Dünya iqtisadiyyatı üçün o qədər də əlverişli olmayan bir zamanda bu, məqbul nəticə sayıla bilər». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, ölkənin qeyri-neft sektorunda iqtisadi artım 7 faiz təşkil etmişdir. Ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi 61 faizə çatmışdır. Ötən il iqtisadi artım bütövlükdə qeyri-neft sektorunun hesabına təmin edilmişdir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı investisiya qoyuluşları üçün cəlbedici olaraq qalmışdır.
«Ötən il sosial-iqtisadi və infrastruktur layihələrinin həyata keçirilməsinə yönələn 22 milyard manata yaxın investisiyanın 59 faizi daxili, 41 faizi isə xarici investorların payına düşmüşdür. Maraqlı məqam budur ki, qeyri-neft sektoruna qoyulan investisiyaların həcmi neft-qaz sektoruna qoyulan investisiyaların həcmindən 2 dəfə çox olmuşdur. Bu isə, iqtisadiyyatın saxələndirilməsi siyasətinin əyani nəticəsidir. Ötən ilin sonlarında ölkəmizin məcmu valyuta ehtiyatları 50 milyard dollardan çox olmuşdur. Valyuta ehtiyatları ölkəmizin təqribən 3 illik idxalı həcmindədir, xarici dövlət borcunu səkkiz dəfədən çox üstələyir. 2014-cü ildə Azərbaycan dünyanın 150 ölkəsi ilə 31 milyard dollar məbləğində xarici ticarət əməliyyatı aparmışdır.
Hökumətin hesabatının Milli Məclisdə müzakirə edilməsi qanunvericilik və icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqənin güclənməsinə, eləcə də sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılmasında və həllində millət vəkillərinin iştirakına imkan yaradır. Görürük ki, hökumət deputatların təkliflərinə diqqətlə yanaşır, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında bunları nəzərə alır»- deyə, spiker vurğulayıb.